Bej tonlarda “sakit” və darıxdırıcı rənglər dövrü artıq geridə qalır 2026-cı il uşaq modasında monotonluğa qarşı açıq mübarizə elan edir. Əgər növbəti mövsümün trendinin yenə minimalizm olacağını düşünürdünüzsə, yanılırsınız. Yeni nəsil geyimlər emosiyanın ifadəsidir bayram ab-havası, parıltı və fərqlilik ön plandadır. Dünya modası “sakit” rənglərdən kəskin şəkildə uzaqlaşaraq daha canlı, toxunma hissi verən və vizual olaraq maraqlı üslublara yönəlir.
Lent.az bu trendləri təqdim edir:
Hər gün üçün payetlər: bayramın gündəlikləşməsi. 2026-cı ilin əsas şüarı sadədir: “Xüsusi səbəbə ehtiyac yoxdur”. Choupette kimi brendlər payet, daş-qaş və tikmə elementlərini artıq yalnız bayram geyimlərinə aid etmir. İndi parıltı məktəb, gəzinti və ya park üçün də uyğun hesab olunur.
Dizaynerlər sadəcə geyim yox, “əhval konstrukturu” təqdim edir: parlaq üst geyimlər rahat şalvar və ya cinslərlə kombin edilir.
Oğlan modasında dönüş: flisdən jakarda. Bu dəyişikliklər yalnız qızlara aid deyil. Oğlan geyimlərində də böyük yenilik var - jakard, məxmər və qalın trikotaj kimi toxumalı parçalar sadə flisi əvəz edir. Mütəxəssislər bunu “ağıllı preppi” adlandırır - rahatlıqla yanaşı bahalı və səliqəli görünüş yaradan stil.
Mövsümün iki üzü: təbiilik və mistika. Parıltı ilə yanaşı, dizaynerlər təbii üslublardan da ilham alır. “Elemental” trendi kətan, muslin və əl işi fakturaları ön plana çıxarır. Bu üslubda uşaqlar sanki təbiət rəsmlərindən çıxmış kimi görünür - sərbəst siluetlər, torpaq, ot və gün batımı rəngləri üstünlük təşkil edir.
Qaranlıq və işıq balansı. Əgər gündüz təbiilik ön plandadırsa, axşam modası daha mistik çalara keçir. Future Snoops ekspertlərinə görə, klassik qotika artıq daha balanslı və yumşaq “alatoran” üslubu ilə əvəz olunur. Rəng palitrasında tünd bənövşəyi, bordo və qrafit tonları çəhrayı və qırmızı ilə balanslaşdırılır. Bu, fantaziya və sirli meşə estetikasını xatırladır.
Rəng partlayışı və yeniyetmə azadlığı. 2026-cı ildə rənglər daha cəsarətlidir. “Jelly Mint” (nanəli ton) və “Electric Fuchsia” (elektrik fuşiya) əsas trend rənglərdir. Nanə rəngi sakitlik yaradır, fuşiya isə enerji və özünüifadə deməkdir. Bu iki rəng birlikdə istifadə edilərək maraqlı kontrast yaradır.
Çəhrayı və mavinin sonu: gender sərhədlərinin silinməsi. Yeniyetmə modasında artıq gender stereotipləri demək olar ki, aradan qalxır. Qızlar oversize hoodie geyinir, oğlanlar isə məxmər və axıcı parçalarla eksperiment edir. 2000-ci illərin (Y2K) estetikası yenidən populyarlaşır satin, metal effektlər və geniş kəsimli şalvarlar trendə çevrilir.
Gələcəyin funksionallığı. 2026-cı ildə geyim yalnız gözəl görünmək üçün deyil, həm də maksimum rahatlıq üçün hazırlanır. Sərt tikişlər və narahat etiketlər yox olur, onların yerini tikişsiz texnologiyalar və düz tikişlər tutur. Geyim dərini qıcıqlandırmamalı, hərəkəti məhdudlaşdırmamalı və uzun müddət formasını saxlamalıdır.
Daha az alış, daha keyfiyyətli seçim. Bazarda yeni yanaşma formalaşır: insanlar daha az, amma daha keyfiyyətli geyim alır. Valideynlər artıq təsadüfi seçim yox, funksional və uzunömürlü geyimlərə üstünlük verir. Moda artıq “böyükdən uşağa” prinsipi ilə deyil, dialoq formasında inkişaf edir.