Son zamanlar velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının sayı artıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumatda bildirilir.
Qeyd olunur ki, oktyabrın 6-da saat 18:45-də Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində qəsəbə sakini 27 yaşlı sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi “Mercedes-Benz” markalı, avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 60 yaşlı Hümbətov Şahin Zərqulu oğlunu vurub və o, hadisə yerində ölüb.
Bundan əvvəl, oktyabrın 2-də saat 12:30-da Binəqədi rayonu, 28 May qəsəbəsində Abşeron rayonu sakini 54 yaşlı sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi “QAZ-53” markalı, avtomobillə hərəkətdə olarkən Binəqədi rayonu, 28 May qəsəbəsində velosipedçi 21 yaşlı İsmayılov Nicat Vüqar oğlunu vurub və o da ötən gün xəstəxanada dünyasını dəyişib.
Bunları nəzərə alaraq, DYP velosipedçilərə diqqətli olmaları barədə müraciət edib:
“Velosipedi idarə edənlər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.
Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.
Onu da bilməlidirlər ki, velosipedçilərin yol hərəkəti qaydalarını pozması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar”.