DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.
İdarədən Lent.az-a daxil olan müraciətdə bildirilir:
"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikada tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi xidmət sahələrinin və ibtidai təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyat sıxlığının yaranması müşahidə olunur.
Aparılmış təhlillər zamanı müəyyən edilib ki, ayrı-ayrı yerlərdə nəqliyyat sıxlıqlarının yaranmasına səbəb təkcə avtomobil sayının artması deyil, intensiv hərəkət zamanı müxtəlif texniki nasazlıqlara görə yolun hərəkət hissəsində mühərriki sönüb qalmış avtomobillərdir.
Belə halların baş verməməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha nəqliyyat vasitələrinin texniki sazlığına cavabdeh şəxsləri istifadələrində olan nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərməyə çağırır və nasaz avtomobillərlə yola çıxaraq digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə törədən sürücülər haqqında qanunvericiliyin tələblərinə uyğun qaydada ciddi cəza tədbilərinin görüləcəyi barədə xəbərdarlıq edir".