Yay gecəsində qətliam, Yeltsinin səhvi, hökmdarı xilas etmək istəyən qovlarlı – SƏBUHİ MƏMMƏDLİ YAZIR
17 iyul 2021 13:20 (UTC +04:00)

Yay gecəsində qətliam, Yeltsinin səhvi, hökmdarı xilas etmək istəyən qovlarlı – SƏBUHİ MƏMMƏDLİ YAZIR

1977-ci il, 4 sentyabr.

Sverdlovsk vilayəti partiya komitəsinin birinci katibi, sonradan Rusiyanın prezidenti olacaq Boris Yeltsin şəhərin mərkəzindəki tarixi binanın sökülməsi barədə sərəncam imzalayır. Sərəncamın icrası üçün isə müvafiq strukturlara bir həftə vaxt verilir. Sentyabrın 6-da əraziyə texnika yeridilir. Bir həftədən sonra isə həmin binanın, necə deyərlər, tozu da qalmır. Amma…

Amma elə səhəri gün, ərazini təmizləyən süpürgəçilər gördüklərindən dəhşətə gəlirlər. Sökülən ərazidə gecə kimlərsə yüzlərlə şam yandırmış, asfalta güllər düzmüşdü. Məsələ çox ciddi idi. Yerli KQB dərhal hərəkətə keçmişdi. Hətta bir neçə nəfər də saxlanılmışdı. Amma çox dərinə getməmişdilər. SSRİ hələ şam yandırmağa görə kiməsə cinayət işi qaldıracaq qədər absurd qanunlar dövlətinə çevrilməmişdi. Bütün bunlara rəğmən, həmin ərazini hasarlayırlar. Və… və bir müddət ərazidə milis keşik çəkməyə başlayır…

Niyə, nə baş vermişdi? Hə, iyulun 16-dan 17-ə keçən gecə burada, həmin bu yerdə, bəşər tarixinin ən böyük cinayətlərindən biri baş verir: Çar II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey qətlə yetirilirlər. Daha sonra isə onların cəsədləri meşəyə aparılaraq basdırılır.

Çar İkinci Nikolay taxt-tacdan qovulduqdan sonra ailəsi ilə birgə Aleksandrovsk yaxınlığındakı malikanələrin birinə aparılmışdı. Daha sonra isə Romanovlar Tobolska gətirilirlər. Bir müddət də bu şəhərdə qalırlar. Leninin göstərişiylə Romanovlar Moskvaya aparılmalı, əvvəl məhkəmələri qurulmalı, sonra edam olunmalıydılar. Amma bolşeviklərin rəhbəri məhkəməyə risk etmir. Çar və ailəsinin qaçırılacağından narahat olurlar. Onda bolşeviklər qərara gəlirlər ki, ailə Tobolskdan Yekaterinburqa aparılsın. Yekaterinburqda isə ailə mühəndis İpatovun evində xüsusi mühafizə altında saxlanılır.

Düzdür, onları incitmirdilər, işgəncə vermirdilər. Amma evdən bayıra buraxmırdılar. Təmiz hava üzünə belə həsrət idilər. Həmin vaxt gənc şahzadə Aleksey hemofiliya xəstəsi olub. Ona belə havaya çıxmağa icazə vermirdilər. Bundan başqa, bolşevik mühafizəçilər çar ailəsinə məxsus sandıqçalara müxtəlif bəhanələrlə tez-tez baxış keçirirdilər. Qiymətli əşyaları oğurlayırdılar. Çar özü bir dəfə baş mühafizəçiyə şikayət edibmiş ki, bu, əclaflıqdır, əxlaqsızlıqdır. Bax, xatirələrində də yazıb bunları, İkinci Nikolay.

Həmin xatirələrdə başqa məqamlar da var. Məsələn, İkinci Nikolayın qaçırılma planı. Bu barədə əslində ona xəbərdarlıq edilib. Nikolaya sadiq zabitlər qaçırılma planını bir dəfə Tobolskda, bir dəfə isə elə Yekterinburqda təklif ediblər. Amma çar hər dəfə belə cavab verib: “Biz nə qaçmaq, nə də qaçırılmaq istəyirik. İlahi ədalətə inanırıq”.

Çar elə bilirmiş ki, bu gizli məktubları təşkil edən bolşeviklərdir. Təxribata getmək istəməyib. Amma əslində elə bolşeviklərin içərisində belə, çara rəğbət bəsləyənlər vardı.

Bu gizli məktublar isə Nikolayın sadiq zabitləri tərəfindən ötürülürdü, necə deyərlər, əlaqə yaradılırdı.

Yeri gəlmişkən, onların arasında iki azərbaycanlı da olub: Hüseyn xan Naxçıvanski və Kərim bəy Novruzov. Naxçıvanskinin aqibəti faciəli olub. Çarın ən yaxın silahdaşlarından sayılan Hüseyn xan həbs edilib və güllələnib. Kərim bəy Novruzov – o Novruzov ki, çar sarayının mühafizə xidmətinə rəhbərlik edirdi, onun sonrakı taleyindən isə ümumiyyətlə məlumat yoxdur.

İyulun 16-dan 17-nə keçən gecə, saat ikidə onları yuxudan oyadıblar. Komendant çar ailəsinin həkimi Botkinə əmr verib ki, yarım saata hamı hazır olsun. Elə biliblər, yenə harasa köçürürlər. Əyinlərini geyinmək istəyiblər. İcazə verməyiblər. Çarı, xanımı Aleksandra Fyodrovanını, oğlu Alekseyi, qızları Olqa, Mariya, Tatyana və Anastasiyanı, habelə şəxsi aşpazlarını və qulluqçu Anna Demidovanı aşağı, zirzəmiyə düşürüblər. Aleksandra Fyodrovna xəstə Aleksey üçün stul istəyib. Amma rədd ediblər. Əvvəl çarı güllələyiblər. Sonra o birilərini. Qızlarından ikisi həmin an ölməyib. Onları sonradan süngüylə vurublar.

1991-ci ilin iyulunda çar ailəsinin meyitlərinin qalıqları tapılıb. Amma hamısının yox. Deyilənə görə, meyitlərin qalıqlarını xüsusi kimyəvi maddəylə yandırıblarmış. Aleksey və bacısı Mariyanın meyitinin qalıqları isə 2007-ci ildə aşkar edilib.

Deyilənə görə, çar ailəsinin son günlərini yaşadığı İpatevin evində, zirzəmidəki divarlarda öldürülənlərin qanları ötən əsrin ortalarına qədər qalmışdı. O dövrdə pionerləri edam yerinə apararaq, onlara çarın edam edildiyi otağı göstərirmişlər. Bununla çar hakimiyyətinə nifrət aşılayırmışlar. Sonra həmin yer muzeyə çevrilir. Amma bir neçə ildən sonra muzey də ləğv edilir. Çarı ümumiyyətlə unutmaq üçün.

***

Yuxarıda bir nəfərin adını çəkdik: Kərim bəy Novruzov. Çarın taxtdan salınması əslən Qovlardan hə, təəccüblənməyin, indiki Tovuz rayonunun Qovlar şəhərindən olan Kərim bəyin mühafizə rotasında da çaşqınlıq yaratmışdı. Peterburqdakı yazılı mənbələrə inansaq, hətta bir neçə zabit çarın devrilməsindən sonra intihar belə etmişdi. Amma Kərim bəy Novruzov bütün çətinliklərə rəğmən, rotanı səfərbər edə bilir. Çara, II Nikolaya sədaqət andı onu bir dəqiqə də rahat buraxmırdı. Çar isə artıq Rusiyanın şərqində, Uralda, Yekaterinburqda idi. O, çarın köməyinə tələsirdi. Amma...

Amma onun sonrakı taleyindən indiyədək xəbər yoxdu...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11670
avatar

Oxşar yazılar