Yasamalda evi qanunsuz sökənlər  saxlanıldı - VİDEO
27 mart 2025 15:29 (UTC +04:00)

Yasamalda evi qanunsuz sökənlər saxlanıldı - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar martın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə Lent.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda deyilib.

Qeyd edək ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, isə söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786

Oxşar yazılar