Yalnız xoşbəxt müəllimlərin xoşbəxt və savadlı tələbələri olur
07 iyul 2023 16:05 (UTC +04:00)

Yalnız xoşbəxt müəllimlərin xoşbəxt və savadlı tələbələri olur

Təhsil təkcə millətin yox, bütün bəşəriyyətin gələcəyidir. Müasir və qloballaşan dünyada inkişaf etmək və zamanın nəbzini tutmaq yalnız savadlı və intelektual gənclərin yetişməsi ilə mümkün ola bilər. Müasir innovasiyalar özünü nəinki bütün maddi sektorlarda, həmçinin cəmiyyətin mənəvi həyatında da açıq-aydın göstərir.  Nəzərə alsaq ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq edir, o zaman bizə bunu deməyə əsas yaranar ki, ölkə olaraq təkcə beynəlxlaq arenada deyil, həm də daxili siyasət çərçivəsində təhsilin müasir tələblər üzərində qurulmasına diqqət yetirilir. Təhsil sisteminin konstruktiv qurulmasında və vətəndaşların bu hüququnun layiqincə təmin olunmasında maraqlı olan Azərbaycan Respublikasında dövlət Konstitusiyasının 42-ci maddəsi təhsil hüququ adlanır ki, burada da hər bir vətəndaşın təhsil almaq hüququ təsbit olunur. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Təhsil hüququnun dövlətin ali qanununda təsbit olunması istər nəzəri əsaslarda, istərsə də daxili və xarici siyasətin formalaşdırılmasında dövlətin bu məsələni daim maraq obyektində saxladığına bariz nümunədir. Bununla yanaşı, Təhsil haqqında Azərbaycan Respublikası qanununda da bu siyasətin prioritet istiqamətləri və beynəlxlaq əməkdaşlıq geniş yer almışdır.

Nəzərə alsaq ki, müasir dünyada bütün sivilizasiyarın mənbəyi məhz bilik və yaradıcılıqla formalaşdırılır, o zaman deyə bilərik ki, ilk müəllimlər hesab edilən Aristotet, Sokratın formalaşdırdığı metodika və istiqamətlər bu gün də müasir təhsil sistemində istifadə edilir. Lakin zaman dəyişdikcə yeni-yeni forma və istiqamətlərin ərsəyə gətirilməsinə, yeni süni intellekt vasitələrindən və programlarından istifadə edilməsinə zəmin yaranır. Fikrimizcə, müasir təhsil sistemi sadəcə bir robot kimi dərsləri əzbərləyib müəllimə danışmaq deyil, əksinə tələbənin oxuduğunu dərk etməsi, müqayisə aparması, təhlillər verməsi və müstəqil tədqiqatçı kimi hər bir mövzu üzərində elmə yeniliklər gətirməsi ilə müşayiət olunmalıdır. Müasir dövrdə biz dərsi əzbərləyən robotlar deyil, düşünən beyinlər yetişdirməyə çalışmalıyıq. Dərs prosesində hər bir tələbə özünü maksimum müstəqil tədqiqatçı və lider kimi formalaşdırmalıdır. Liderlik keyfiyyətlərinin formalaşdırılmasına hələ gənc və uşaq yaşlarından dərs proseslərində istiqamətlənmək lazımdır. Tələbələrin bacarıq və potensialları müəyyən edilməli və komanda şəklində işləmək bacarıqları onlara aşılanmalıdır. Təbii ki, bu prosesdə ən böyük öhdəlik müəllim və məruzəçilərin üzərinə düşür. Tələbədə həvəs və istəyin formalaşdırılması, dərs prosesin daha maraqlı təşkil olunması, eyni zamanda müəllimin də bilik, bacarıq və maraqlarının toplusu halında cərəyan etməlidir. Heç təsadüfi deyil ki, tələbə psixologiyasına uyğun olaraq, onlar sevdikləri müəllimlərin dərslərini daha dərindən öyrənib qavramağa meyilli olurlar. Bunun üçün dərs prosesini maksimum maraqlı təşkil edib, müasir üsul və vasitələrdən, dünya ədəbiyyatında, tanınmış mütəfəkkirlərin yaradıcılığından istifadə edilməli, müəllim hər bir tələbəyə individual yanaşmağı bacarmalıdır. 

Biz bu istiqamətdə iş aparmağın ən başlıca yolunu tələbələrdən əvvəl müəəlimlərlə təşkil oluması qənaətindəyik. Bunun üçün davamlı olaraq, müəllimlər üçün pedaqoji keyfiyyətlərin inkişaf etdirilməsi məqsədi ilə davamlı seminar və treninqlər, konfrans və görüşlər keçirilməlidir. İstər hər bir ölkənin dövlət dilində, istərsə də beynəlxalq dillərdən biri bunun üçün seçilə bilər. Bu seminarlar kofe break aralarında müəllimlər üçün əyləncəli lakin öyrədici fəaliyyətlə də növbələşə bilər. YALNIZ XOŞBƏXT VƏ SAVADLI MÜƏLLİMLƏRİN XOŞBƏXT VƏ BACARIQLI TƏLƏBƏLƏRİ OLA BİLƏR. Hər bir region üzrə istər local, istərsə də regional səviyyədə müəəllim şəbəkələri formalaşdırılmasını, müəllimlərin bu platformalarda təcrübə mübadiləsi aparmasını labüd hesab edirik. Müəllimlərin sadəcə peşə keyfiyyətlərini deyil, xobbi və maraqlarını da bölüşəcəkləri səmimi mühit formalaşdırılmalıdır.

Bundan başqa, istər dərs prosesində və dərs aralarında, istərsə də dərsdən kənar məşğuliyyət növlərində MÜƏLLİMLƏR TƏLƏBƏLƏRİN ƏN YAXIN DOSTLARI sırasına daxil olmağa səy göstərməlidirlər. Bunun üçün müəllimlərə online və offline formada psixoloji seminarlar keçirilməli, hər bir tələbəyə individual yanaşmağın sirləri aşılanmalıdır. Müəllimlər peşə və şəxsi keyfiyyətlərini artırmağa daim səy göstərməli və öz üzərlərində işləməlidirlər. Pedaqogikanın üsul və vasitələrinə yiyələnmək də burda böyük rol oynayır. Hec təsadüfi deyil ki, hər savadlı şəxs savadlı pedaqoq ola bilmir. TƏLƏBƏNİN ANLAYA BİLDİYİ MÜƏLLİMİN ONA BAŞA SALA BİLDİYİ QƏDƏRDİR. 

Dərs prosesində hər bir tələbənin şəxsi bilik və bacarıqları obyektiv qiymətləndirilməli, onlara müstəqil tədqiqatçılar kimi yanaşılmalıdır. Tələbəyə yönəldilən iki sualdan biri mütləq yaradıcı xaraqter daşımalı, bu sahədə tələbənin məruzəsi təmamilə ona həvalə olunmalıdır. Əgər tələbə dərs prosesində öyrəndiyi hər hansı bir mövzu üzərində yeniliklər aparmağı və ya tanınmış alimin fikirlərinə dəyişiklik tətbiq edib, onu daha müasir hala salmağı labüd hesab edərsə, bu tələbənin öhdəsinə buraxılmalı, tələbənin səhvi kimi deyil, elmə gətirdiyi yenilik kimi dəyərləndirilməli və sonda tələbənin düşünmək qabiliyyəti qiymətləndirilməlidir. Mövzunun dərk olunması və qavranılması prosesində tələbələrə maksimum sərbəstliyin verilməsi tərəfdarıyıq. DƏRS PROSESİ SADƏCƏ TƏLƏBƏNİN ÖYRƏNƏCƏYİ BİR MÜHİT DEYİL. Biz pedaqoqlar belə bəzən tələbələrdən öyrənirik.

Və ən nahayət son olaraq tələbələrin motivasiya olunması və onlarda təhsilə marağın yaradılması ən prioritet istiqamətlərdən biri olmalıdır. Dərs prosesi məcburi xaraqter daşımamalı, əksinə tələbələrə zövq verəcək bir mühitə çevrilməlidir. Onlarla dərs mövzuları arasında bir iki dəqiqəlik əlavə dünyagörüş və psixoloji söhbətlərin aparılması da onların fiziki və mənəvi yorğunluqlarını rahatlatdığı elmi olaraq sübut olunmuşdur. Müəllimlər unutmamalıdırlar ki, yaşından və savadından asılı olmayaraq bütün tələbələr onları balaları, yetişdirməli olduqları fidanlarıdır. Bu fidanlar nə qədər sevgi ilə böyüyərsə, bir o qədər savadlı, intelektual və cəmiyyətə yararlı şəxslərə çevrilmiş olarlar. SEVGİ İLƏ GÖZƏLLƏŞMƏYƏCƏK HEÇ BİR ŞEY YOXDUR. Müəllimlərin tələbələrə sevgi aşıladığı hər bir məqamın mütləq surətdə uğurlu nəticəsi olacaq.

İrəli sürülən təkliflər, 31 yanvar 2023-cü il tarıxdə UNESCO-nun ''Təhsil, Elm və Mədəniyyət'' qurumu tərəfindən Paris şəhərində keçirilmiş ''Ali Təhsil Yol Xəritəsinin zənginləşdirilməsinə dair töhfələrə çağırış'' adlı Elmi Konfransa göndərilmişdir.

Rəhimova Mələkxanım Seyfulla qızı, 
Bakı Dövlət Universiteti, 
İnsan hüquqları və İnformasiya hüququ 
UNESCO kafedrasının müəllimi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534
avatar

Oxşar yazılar