“Xeyirxah ölüm”  – Azərbaycanda evtanaziyaya razılıq verilə bilər? - MÜNASİBƏT
17 fevral 2022 18:01 (UTC +04:00)

“Xeyirxah ölüm” – Azərbaycanda evtanaziyaya razılıq verilə bilər? - MÜNASİBƏT

Bir neçə gün bundan öncə xarici mətbuatda yayılan məlumatlara görə, İtaliyanın Konstitusiya məhkəməsi evtanaziya (ölümə yardım) ilə bağlı referendum tələbini rədd edib.

Məhkəmənin qərarında göstərilir ki, insan həyatının ən minimal həddə belə qorunması zəruridir.
Lakin bir çox ölkələrdə ölümə yardımla bağlı qanun qəbul edilib. Bizim üçün isə məsələnin maraqlı tərəfi Azərbaycanla bağlıdır.

Azərbaycan bir İslam ölkəsi olaraq evtanaziyaya haqqında qanun qəbul edə bilərmi? Ümumiyyətlə, ölkədə bu məsələyə münasibət necədir?

Evtanaziya: İslam qəti qadağan edir, yalnız Allah...

Lent.az-ın qısa bir araşdırma nəticəsində bəlli olur ki, dindarlar Evtanaziyanı haram sayır. Deyirlər ki, bu İslamda qadağandır. Məsələn bildirirlər ki, ölüm dozasını verməklə, yaxud digər vasitədən istifadə etməklə həkim xəstəni öldürürsə və ya onun ölümünü sürətləndirirsə bu İslama görə ən böyük günah hesab olunur. Dinimizə görə, Yaradan insana həyat bəxş edib və lazımi məqamda da onu geri alacaq.

Azərbaycanlı ilahiyyatçı Tural İrfan deyir isə ki, evtanaziya qəti və kəskin olaraq İslam dinində haram və qadağandır:

“Quranda qəti şəkildə deyilir ki, özünüzü və bir-birinizi öldürməyin. Zamanında döyüşlərdən yaralı çıxmış bir şəxs ağrılara dözməyib, oxun iti başlığı ilə damarlarını kəsərək özünü öldürmüşdü. Peyğəmbər onun bu hərəkətinə görə cəhənnəmlik olduğunu buyurdu.

Dinimizə görə canı verən Allah olduğuna görə, alan da Allah olmalıdır. Odur ki, xəstəlik ucbatından, şiddətli ağrıdan və s. səbəblərdən insanın özünü öldürməsi, yaxud başqasının onu öldürməsi bir başa qətl hadisəsidir. Ağrılara dözməyən insan ola bilsin, anlaqsız vəziyyətdə özü buna imza da ata bilər, razılıq verə bilər, amma onun o durumdakı sözünə etimad edilməməlidir. Çünki o durumda olan insan sərbəst və doğru qərar verə bilməz. Yaxınları da bu işə razılıq verirsə qətlin günahına şərikdirlər”.

Türkiyədə də ilahiyyatçılar evtanaziyanın qadağan olunması tərəfdarıdırlar. Onların açıqlamasına görə, bu, əzab çəkən xəstəni öz xahişi ilə ağrılardan uzaqlaşdırmaq üçün edilsə belə həkim üçün cinayət kimi qiymətləndirilir: 

“İslama görə həkim xəstə üçün ona həyat verən və onu lazımı şəraitdə yenidən alan Tanrıdan daha mərhəmətli ola bilməz”.

Qeyd edək ki, “Euthanatos” yunan sözü olub, “xeyirxah ölüm” mənası verən evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. XIX yüzillikdə isə bu söz “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başladı. Xəstənin ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmə (aktiv evtanaziya) dedikdə, ona öldürücü zəhərin verilməsi, zəhərli iynə vurulması, ölümə səbəb olan xəsarətlər yetirməsi və s. başa düşülməlidir. 

Əslində, Hippokrat dövründən bu günə qədər ənənəvi tibb etikasına belə bir qadağa daxildir: “Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm, hətta bunu məsləhət də görə bilmərəm". Amma son vaxtlar həkimlərdə bu təcrübəyə əl atmaq, xəstənin ölümünü onun istəyi ilə yüngülləşdirmək, tezləşdirmək zərurəti yaranıb, xüsusən də pasiyent bunu xahiş etdikdə yerinə yetirilir.

Yeri gəlmişkən, 1999-cu ildə “Doktor Ölüm” ləqəbli erməni əsilli amerikalı Con Gevorkyan ağır xəstələri öz razılıqları ilə ölümə yolladığı üçün Miçiqanda ömürlük həbsə məhkum edilmişdi. Ekspertlərin fikrincə, evtanaziyanın rəsmiləşdirilməsi bəşəriyyətin mənəvi dəyərlərini alt-üst edə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4293
avatar

Fidan İlqar

Oxşar yazılar