Bu yaxınlarda gənc bir dostumdan zəng gəldi: “Murad bəy, biz teatr yaratmışıq, sizi sabahkı tamaşamıza dəvət edirik!” Bir vaxtlar “Yeni Müsavat” qəzetində müxbir işləyən Elmin Bədəlovun teatrla hər hansı əlaqəsinin olduğunu bilmirdim. Maraq məni bürüdü. İlk dəvət olunduğum gün gedə bilməsəm də özümü ən sonuncu tamaşaya çatdırdım.
Tamaşa zirzəmidə yerləşən darısqal bir otaqda nümayiş olundu. Tamaşaçıların və aktyorların hamısı gənclər idi. Otaqda stulların olmadığından gənc qızlar və oğlanlar yerdə bardaş qurub pərdəsiz-zadsız qoyulmuş tamaşaya baxırdılar. Bardaş qurub tamaşasını ləzzətlə seyr edənlərdən biri də mən idim. Aktyorlar səhnəni dəyişmək üçün yalnız yandakı balaca otağa girib-çıxa bilirdilər. Səhnədə görünən hər bir gənc öz parlaq oyunu ilə yadda qalırdı. Bu qədər şəraitsizlik içərisində gənclərin təşəbbüsü mənə ləzzət eləmişdi. Sonda teatrın yaradıcılarından biri Elmin Bədəlovla söhbətləşdim.
- Teatrı nə vaxt yaratmısız?
- Təxminən 7-8 ay olar öncə uşaqlar yığılıb bu qərara gəldik ki, boşuna vaxt itirməkdənsə bir şey icad eləyək. Axırda teatr qurmaq qərarına gəldik. Bu bizim ilk tamaşamızdır. Tamaşanın üzərində cəmi 20 gün hazırlaşmışıq. Amma buna qədər müxtəlif növ hazırlıqlar keçmişdik.
- Teatr yaratmaq təşəbbüsü kimdən gəlmişdi?
- Düzü, bu bir nəfərin ideyası deyildi. Bir ara mənim beynimdən küçə teatrı yaratmaq da keçmişdi. Bir neçə dostum da eyni zamanda teatr yaratmağı təklif etmişdi. Həmin vaxtlarda əməkdar artist İlqar Cahangiri Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırmışdılar. İlqar bəy də teatrla bağlı yeniliklər etmək, tamaşa hazırlamaq istəyirdi. Biz görüşüb işə başlamaq qərarına gəldik. İlk olaraq İlqar bəy bizə xırda dərslər keçməyə başladı. Misal üçün, stullardan avtobus düzəldirdik və təsəvvür edirdik ki, avtobusdayıq. Birimiz şikəst insanı, birimiz sərxoşu, digərimiz dilənçini canlandırırdıq. Yaxud, xəstəxanada, dəlixanada olduğumuzu təsəvvür edib müxtəlif obrazlar yaradırdıq. Bunlar hazırlıq məşqləri idi. Arada bir neçə nəfər teatrımızı tərk etdi. Bir müddət məşqlər olmadı. Sonralar yığılıb yenidən məşqlər etmək qərarına gəldik. Və son 20 gün ərzində bu tamaşanı hazırladıq. Onu da deyim ki, bu tamaşadan İlqar bəyin xəbəri olmamışdı. Biz ona sürpriz elədik.
- Niyə məhz, Qoqola müraciət etdiniz?
- Bu əsəri Axundov kitabxanasının arxivindən çıxarmışam. Gətirib uşaqlarla müzakirə etdik və hamı tamaşanı hazırlamağa razılıq verdi. Əsərdə ixtisarlar edərək günümüzün problemlərinə uyğunlaşdırmağa çalışdıq.
- Yeni tamaşalar qoymaq fikriniz varmı?
- Bəli, müasir yazarlarımızın əsərlərinə müraciət etmək fikrimiz var. Hər kəs bizə ssenari təklif edə bilər. Məqsədimiz paslanmış bayağı teatr ənənələrini sındırmaqdır. Bu işdə o qədər də peşəkar deyilik, lakin çalışacağıq ki, özümüz kimi oynayaq və mövzulara öz baxışımızla yanaşaq. Bu işimizi mütləq davam etdirəcəyik.
- Məşqlərinizi harda eləyirsiniz?
- Bizim teatrın adı “Oda”dır. Məşq etmək üçün hələlik stabil yerimiz yoxdu. Çox vaxt kiçik otaqlarda, dostların evində yığışırıq. Gördüyünüz kimi, tamaşalarımızı da kiçik yerlərdə göstəririk. Hamı yerdən otursa da darısqallıq ucbatından yenə tamaşaçılar bayırda qalır. Teatrımız balaca otağı xatırlatdığından adını “Oda” qoymaq qərarına gəldik. Hələlik kiçik otaqlarda oynasaq da gələcəkdə geniş yerlərə çıxmaq fikrimiz var. İlk tamaşamızın uğurlu alındığını düşünürük. Çünki bu tamaşanı təkrar olmaqla 5 dəfə oynamışıq. Bu müddətdə bizə 400-ə yaxın tamaşaçı baxıb. Məncə bu, böyük göstəricidir. Buna görə tamaşanın ərsəyə gəlməsində əməyi olan dostlarıma, tamaşada oynayanlara – Murad Rüstəm, Nihad Qulamzadə, Nicat Məsimov, Həsən Ağa, Gülya, Cəmilə Quliyeva, Qurban Məmmədli, Vüsalə Mehdiyeva, Elvin Məmmədsoy, Elnur Quliyev, Cavid Abdullayev və başqalarına təşəkkür edirəm. Bu birgə iş olub və birgə əmək sərf edərək ortaya tamaşa qoyduq.
-Səhnəniz şəxsən mənim çox xoşuma gəldi. Baxırdım ki, eləcə də hamının marağına səbəb olur. Bir saata yaxın quru yerdə bardaş qurub sizə tamaşa eləmişik. Gözəl olan həm də o idi ki, xanım aktyorlarınız komplekssiz oynayırdılar.
-Hə, indi bir az peşəkar təsiri bağışlaya bilirik, ancaq ilk tamaşamız olanda çox həyəcanlı idik. Premyera günü tanınmış aktyor və rejissorlar da gəlmişdilər. Həyəcandan bilmirdik nə edək. Mən səhnəyə çıxanda ağzım qurumuşdu. Adətən, həyəcanlananda ağzım quruyur, danışmaqda çətinlik çəkirəm. Buna görə, pərdənin arxasına su qoymuşdum ki, tamaşa boyu girib içə bilim. Ancaq tamaşa başlayanda suyu tapa bilmədim və daha çox həyəcanlanmağa başladım. İlk 5 dəqiqədə həyəcandan az qalırdı, ürəyim yerindən çıxsın. Nə isə, məncə artıq həyəcanlar arxada qalıb.
- Bilirəm, çətinlikləriniz çoxdu, ancaq sizə böyük uğurlar, əsas da ruhdan düşməməyi arzulayıram. Lap yaxın vaxtlarda mən özüm sizə səhnə üçün ssenari təklif eləyəcəm.
- Çox sağ olun. Ruhdan düşdü yoxdu. Artıq ilk tamaşamızdan sonra bir neçə yerdən təklif də almışıq. Məsələn, bizi Şəkiyə dəvət edirlər. Eyni zamanda bu həftənin 6-cı günü bir sərgidə “Evlənmə” tamaşasını təkrar nümayiş etdirəcəyik. Çətinliklər var əlbəttə. Tamaşalardakı paltar və rekvizitləri özümüz hazırlayırıq. Maliyyə imkanlarımız olmadığından geyimləri özümüz tapmağa məcbur oluruq. Tamaşalarımızı da pulsuz edirik ki, insanlar gəlib baxsın və onlarda teatra maraq yaransın. Biz artıq çoxuq! Əsasən, gənc tamaşaçılara güvənirik. Düzü, əvvəl 2-3 nəfərdən ibarət qrup idik. Ancaq indi bizim 20-yə yaxın üzvümüz var.