Son günlər ölkə ərazisində yağan yağışlardan sonra Bakının Zığ yamacındakı sürüşmə sahəsində yaranan aktivləşmə davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, gərginliyin davam etdiyi sürüşmə sahəsində aktivləşmə nəticəsində genişlənmə olmasa da, yerlərdə çatlar əmələ gəlib.
Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası və Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq yoxlamalar aparılır: “Yoxlama aparıldıqdan sonra təkliflər planı hazırlanaraq müvafiq dövlət strukturlara təqdim ediləcək və Nazirlər Kabineti tərəfindən veriləcək tapşırığa əsasən, ərazidə müvafiq işlər görüləcək. Amma hər bir halda ərazidə sürüşmənin qarşısını almaq üçün müvafiq işlər görülməlidir. Tədbirlər görülməsə, sürüşmə daha ciddi fəsadlara səbəb ola bilər”.
B. Qaralov ölkənin yollarında və digər sürüşmə sahələrində vəziyyətin stabil olduğunu deyib.