Sentyabrın 29-da Zaqatalada "Avropa İrs Günləri" layihəsinə həsr olunan təntənəli bayram şənliyi keçiriləcək. Mədəniyyət və Turizm NazirliyindənAPA-ya verilən məlumata görə, bayram şənliyi çərçivəsində Şəki, Qax, Zaqatala və Balakən rayonları ictimaiyyətinin iştirakı ilə gəzinti təşkil olunacaq, mədəniyyət abidələri mövzusunda məktəblilər arasında keçirilmiş fotomüsabiqədə qalib gələn işlərin sərgisi nümayiş etdiriləcək və bölgənin yaradıcı kollektivlərinin çıxışları baş tutacaq. Tədbirdə xalq artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin ifasında konsert proqramı təşkil ediləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının, Bakı Musiqi Akademiyasının və Şəki, Qax, Zaqatala və Balakən rayonlarının yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi iştirak edəcək.
Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə təntənəli şəkildə qeyd olunacaq “Avropa İrs Günləri” layihəsi Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olmaqla, hər ilin sentyabr ayının sonlarında Avropanın 50-dək ölkəsində qeyd olunur. Nazirlikdən bildiriblər ki, layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.