Baş prokuror Zakir Qaralov Rusiya İstintaq Komitəsinin sədri ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 13-də baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşüb. Görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Z.Qaralov ölkəmizin son illər ərzində sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Aleksandr Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətləri qonağın diqqətinə çatdıran Z.Qaralov həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirib.
Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılıb.