“Qubadakı kütləvi məzarlığın sonrakı taleyi ilə bağlı iki təklif var”. Bu barədə Lent.az-a millət vəkili Yevda Abramov bildirib.
Əslən Qubadan olan deputatın sözlərinə görə, təkliflərdən biri insan sümüklərinin şüşə altında saxlanılması, digəri isə Fransadan gətirilmiş dərmanlar vasitəsilə onların çürüməsinin qarşısını almaqdır: “Lakin din xadimləri deyir ki, İslam aləmində belə şey yoxdur. İnsanların gözləri qarşısında bu sümükləri saxlamaq üçün Şeyxülislam var, islamiyyət var, millətin adətləri var, din var - bütün bunlar imkan verməlidir. Hər şey sənin, mənim istəyimlə olmamalıdır. Siz hər şeyi xırdalıqlarına qədər mətbuata çıxarmaq istəyirsiniz. Amma elə məqamlar var ki, onlar mətbuatlıq deyil. Bu, insan sümükləridir. İslam qanunları var. Həmin sümüklər uzun illər boyunca belə vəziyyətdə qalmalı deyil. Bunlara bir əncam çəkmək lazımdır”.
Abramov bildirib ki, Fransadan dərmanların gətirilmə məsələsi ilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və digər qurumlar məşğul olur. Onun fikrincə, meyitlərin, sümüklərin saxlanılması, mumiyalanması baxımından bu dərmanların imkanları daha çoxdur.
Millət vəkili “Bəs Allahşükür Paşazadə kütləvi məzarlığın vəziyyəti ilə maraqlanıbmı?”
sualını isə belə cavablandırıb: “Bu, şeyxin özünə ünvanlanası sualdır”.
Abramov bütün məsələlərə kütləvi məzarlıq yaxınlığındakı Soyqırım Kompleksinin açılışı zamanı aydınlıq gələcəyinə ümid edir.