Yeni İl ərəfəsində yarmarkadan reportaj-QİYMƏTLƏR
29 dekabr 2013 23:33 (UTC +04:00)

Yeni İl ərəfəsində yarmarkadan reportaj-QİYMƏTLƏR

Yeni İl bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının bir neçə yerində yarmarkalar təşkil edilir. APA TV-yə məlumat verilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkalar paytaxtın Binəqədi rayonu - Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti, Xətai rayonu - "Bakı" kinoteatrının yanı, Nərimanov rayonu - Əliyar Əliyev küçəsi 26 , Nəsimi rayonu - "Təzə bazar"ın ərazisi, Səbail rayonu - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı , Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2,  Yeni Günəşli qəsəbəsi, "Günəş" Ticarət Mərkəzinin yanı, Yasamal rayonu - Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanındadır. Yarmarkalarda kənd təsərrüfatı malları ilə yanaşı, süd və ət məhsulları da satışa çıxarılıb. Son günlər bazarda kartofun qiymətində nəzərə çarpan qiymət artımı yarmarkada da özünü göstərir. Gədəbəy və Tovuz kartofunun qiyməti 1 manat 40 qəpik olduğu halda, xaricdən gətirilən kartofun qiyməti bunun yarısı qədərdir. Satıcılar bildirir ki, onlar kartofu Rusiyadan gətirir, 70 qəpiyə satırlar. Yerli məhsul bu il az olduğundan bahadır, ona görə də alıcılar almır. Soğanın qiyməti isə 45 qəpikdir. Əsasən Türkiyədən gətirilir. Yerli soğan da bahadır, bazarda 55-60 qəpikdən satılır.

 

Təzə bazarda təşkil olunan yarmarkada alıcı kifayət qədər olsa da, satılan malın çeşidində kasadlıq var idi. Belə ki, yarmarkada bir neçə növ alma və naringiyə rast gəldik.  Eyni zamanda da  kartof və soğanda yerli məhsullar deyil, xaricdən gətirilən məhsullar satışa çıxarılıb.

 

Bazarla müqayisədə malların qiymətində 10-20 qəpik fərq müşahidə edilir. Yarmarkada 1 kiloqram Qızıləhmədi alması 1-2 manata, 1 kiloqram "Semerinka" alması isə 1 manata satılır. 1 kiloqram naringinin qiyməti  80 qəpikdən 1 manat 50 qəpiyə, 1 kiloqram portağalın isə qiyməti 1 manatla - 1 manat 50 qəpik arasındadır. Təbii ki, bu qiymət fərqi məhsulun növü və çeşidindən asılı olaraq dəyişir. Ət məhsulları arasında isə diri hind quşunu alıcılar çəkisindən asılı olaraq, 20-30 manata, toyuq və xoruz ətini 10-15 manata ala bilərlər.  Alıcılar qiymətlərdən tam razı deyillər. İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Kamran Umudov deyir ki, təşkil olunan yarmarkalarda 220 ton məhsul satışa çıxarılıb ki, burada əhaliyə həm yerli,  həm də xarici məhsullar təklif olunur. Yarmarkada qiymətlərə gəlincə, nazirlik rəsmisi Kamran Umudov  deyir ki, satışa çıxarılan mallar bazarla müqayisədə 20-30 faiz aşağı satılır. Burda qiymətlər sahibkarlar tərəfindən müəyyənləşdirilir. Sadəcə olaraq bu malların ucuz olmasına səbəb malları bir başa sahibkarlar və istehlakçılar tərəfindən özləri satışa çıxarırlar. Bu səbəbdən də bazar qiymətləri ilə müqayisədə ucuz təklif edilir. Dekabr ayının 31-i də daxil olmaqla 4 gün müddətinə keçiriləcək yarmarkada istehlakçıların iştirak etməsi üçün hər hansı bir xüsusi tələbin qoyulmadığını deyən nazirlik nümayəndəsi onu da bildirib ki, iştirakçıların məhsulun keyfiyyəti və sanitar qaydalara düzgün əməl etməsi vacib şərtdir.

 

İlahə Vəliyeva, APA TV

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383
avatar

Oxşar yazılar