Yaylaq ağısı, katibin qəbulu, maşınla çobanlıq edənlər... – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
11 aprel 2013 19:00 (UTC +04:00)

Yaylaq ağısı, katibin qəbulu, maşınla çobanlıq edənlər... – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

0

Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...

 

IX YAZI

 

1990-cı ildən sonra Şirinqum qışlağının qara günləri başladı. Ara qarışdı, məzhəb itdi. Sovet İttifaqı dağıldı, Qarabağ münaqişəsinə görə Kəlbəcər yaylaqlarına köçlərimiz  getmədi, cığırları ot basdı. Yolları ot basdısa, demək, yollar ölür. Allı-güllü yaylaqlarımız gözdən itib, əldən çıxdı.

 

Mal-qaramız, qoyunlarımız iki hissəyə bölünürdü. Aranda qalanlar və dağa gedənlər.  Aran malları dağa gedəndə xəstələnirdi və yaxud dağ malları aranda qalanda qızdırırdı.  Bunun da əlacını ağsaqqallar axır ki tapdılar, alçanı qaynadıb suyunu mal-qoyunun  ağzına tökürdülər və yaxud qoyunların belinə miz sürtürdülər. Beləliklə, mal-qara amansız istiyə vərdiş edirdi. Ölənlər də olurdu.

 

Anam dağlar üçün çox  ağladı. Pəri çınqılı, Əyri qar, Əyriburun, Soltan Heydər, Qara yoxuş, Qırmızı təpə, Murad təpəsi, Sədrməmməd, Qaranlıq dərə, Süleyman bulağı, Lilpar bulağı, Yeddi bulaq, Çaxmaq qaya, Gəlin qayası, Bağırsaq dərəsi, Çalbayır, Minkənd, Alogöllər, Mıxtökən, Ceyran bulağı, Dəli dağ, Sarımsaqlı və başqa yurd yerlərimiz anamın bayatılarının ən gözəl qafiyələri idi. Atam alaçıq quranda həmişə yerini anam seçirdi, 37 ölçülü ayaqqabı geyən ayağını hündür, təmiz, göyçəmən bir yerə qoyub deyərdi ki, bax, çubuğu bura sanc. Anamın yaylıqlarda neçə yurd yerləri və həmin yurd yerlərində yastı daşlardan düzəltdiyi nə qədər yükaltılar var. Basdığı motalların (hər biri 40-50 kilo və yaxud hər birinin qiyməti 200-250 manat, ən azı 15-20 motal) altına qoymaq üçün lap uzaq yerlərdən eşşəyin belinə yükləyib gətirdiyi yastı daşlar anamın şah misraları sayılırdı.

 

Anam əvvəl erməniyə qarğıyırdı, sonra yurdları ağlayırdı. Dağ inəyimiz olan Ağgül saman yeyəndə sonra xəstələndi və öləndən sonra mədəsindən iki qırıq məftil çıxdı. Bunu amansız Qarabağ müharibəsi eləmədimi?

 

Qarabağ müharibəsi Şirinqum qışlağına ağır təsir eləmişdi. Orta məktəbin səkkizinci sinfindən qayıdan cavan oğlanların qoyun sürülərinə gözləri düşdü. Sədrə 500 manat pul verib, qoyun briqadiri oldular. Yüz ilin çobanlarını başladılar sıxışdırmağa. Şirinqum qan ağlayırdı, çünki indiyə kimi maşınla qoyun otaran çoban görməmişdi.

 

Maşınlı çobanlar qoyunu bir ucdan Bakıdan gələn “Kamaz”-lara doldurub satırdılar. Bəzən satdıqları kök kolxoz qoyunların yerini doldurmaq üçün ucuz qiymətə arıq toğlu alıb, birkalayırdılar. Özlərində hazır birkalar var idi. Sovet vaxtı birkanın cəzası 15 il idi. İndi onların əlində birkalar təsbeh dənələrinə bənzəyirdi.

 

Guya bu yolla kolxoz sədri qoyunları özəlləşdirirdi. Və bir gün briqadir - atamın nəvəsi yaşda olan və əl ağacı köhnə VAZ 2101 “Jiquli” olan bu oğlan - atama  dedi ki, səni çobanlıqdan çıxarıram. Sürü mənimdi, Şirinqum yatağı da mənimdi, qarağan da, quşotu da, belə fermanın üstündən uçan quş da mənimdi.

 

Sürünü atamın əlindən alırlar, özünə də deyirlər get otur evində.

 

Atam şair təbiətlidir. Deyir, bala - mənə deyirdi - qoyunlar məni iylədilər, bir az dalımca gəldilər, mələşdilər, mən tərəfə otladılar. Sonra həmin oğlan maşının siqnalı ilə qoyunları geri qaytardı.

 

Atam deyir, mən gələndə fermaya tərəf bir uzun “Şkoda” gedirdi, özü də xamın ortası ilə, köpəyoğlu əzdi xamı.

 

Atam ağlayırdı.

 

Atama dedim ki, gəl  gedək İmişli  Rayon İcra Hakimiyyətinin başçısının yanına. Dedi bala, katibin? Atam başçılara  katib deyirdi. Dedim hə.

 

Dedi:

 

- Səni tanıyır?

 

- Şair kimi mənə çox hörməti var.

 

Atam şair kimi məni sevmirdi. Şeirlərimə inanmırdı. Boş şey hesab eləyirdi. Amma bu dəfə sevindi.

 

- Bala, təzə kitabın çıxıbsa, onu da götür, görək başımıza nə gəlir...

 

Getdik rayona. Başçı Əli Məmmədov idi. Allah rəhmət eləsin, bizi mehriban qarşıladı.

Başçı məndən soruşdu:

 

- Qəşəm müəllim, yaradıcılıqda nə var, nə yox?

 

Atam mənim əvəzimdən dedi:

 

- Yaxşıdır, sağ olun, yoldaş katib, hər gün yazır.

 

- Təzə kitabın çıxıb?

 

Atam bu dəfə də özü cavab verdi.

 

- Hə yoldaş katib, çıxıb, sizə də gətirib.

 

Sonra  mənə:

 

- Ə, kitabı ver kişiyə.

 

Atam əlimdən kitabı alıb katibə verdi.

 

Katib kitabın o üzünə - bu üzünə baxıb, dedi:

 

- Eşidirəm, Qəşəm müəllim.

 

Atam özü keçdi mətləbə:

 

- Yoldaş katib, özgələşmə zamanı sürü kimə qalmalıdı? (atam özəlləşdirməyə özgələşdirmə deyirdi)

 

Başçı fərqinə varmadı:

 

- Əlbəttə, alana. Biz demişik ki, sürünü təcrübəli çoban alsa, daha yaxşı olar.

 

- Yoldaş katib, Seyid Aydının cəddi haqqı (Seyid Aydın kəndimizin seyididir), gədənin biri gəlib sürünü qabağımdan çəkib apardı, özüm də qaldım düzdə. 50 ildi çobanam, hələ belə müsibət görməmişəm.

 

- Kimdi o?

 

Dedim, adı Eldardı.

 

Atam dizimə yavaşca vurub, dedi:

 

- Adam katibə ad verməz.

 

Sonra davam etdim.

 

- Kənddəndi, səkkizinci sinifdən qayıdıb, 3 il Rusiyada yaşadı, orda həbs olundu, indi türmədən çıxıb gəlib kəndə. Sədr də sürünü verdi ona. Atama da deyib ki, get otur evində. İndi Eldar sürünü “Şkoda”lara doldurub, Bakı şəhərinə ətlik kimi satır.

Atam “Şkoda” sözünə görə dizimə bir dumbuz da vurdu, yəni adam adamı satmaz.

Sonra yenə əlavə etdim:

 

- Birkası da var, birka vuran kəlbətini də.

 

Atam bu yerdə dizimə lap bərk vurdu. Yəni bu o deməkdir ki, adam xəbərçilik eləməz.

Başçı sonra aqropromu da çağırtdırdı, sədri də.

 

- Bu nə deməkdir? Yüz ilin çobanını qoyub, dünənki uşağa o qədər qoyunu niyə etibar edirsiniz? İndi çoban yetişmir, köhnələri qorumaq lazımdır.

 

Sonra başçı mənim kitabımı əlində yelləyə-yelləyə qəti surətdə dedi:

 

- Gedin qoyunu sayıb təhvil verin Mirzə kişiyə. Şirinqum yatağını da ona verin.

 

Aqroprom da, sədr də “baş üstə” deyib getdilər.

 

Atam çox sevinirdi, elə Əli müəllim də. Fürsətdən istifadə eləyib, Əli müəllimdən balaca bir xahiş də elədim.

 

- Əli müəllim, istəyirəm rayonumuzda Vətəndaş Həmrəyliyi Partiyasının şöbəsini yaradım.

 

Əli müəllim “məsləhət görmürəm, lazım deyil” - dedi.

 

Yenə israr elədim:

 

- Sabir Rüstəmxanl mənim dostumdu, məsləhət görsəydiniz, yaradardım.

 

- Hələ məsləhət deyil...

 

Bir də ağzımı açıb demək istəyirdim ki, atam ayağa qalxıb mənə bir şillə vurdu:

 

- Ə, sən nə qanmaz adamsan, yoldaş katib deyir olmaz, demək olmaz.

 

Hər üçümüz gülüşdük.

 

Sürünü həmin gün Eldardan alıb, verdilər atama. Daha doğrusu, qoyunların orta diri çəkisini hesablayıb, satdılar bizə. Eldar iki günün içində qoyunun əllisini satmışdı. Dedim, get o əlli qoyunu da gətir. Eldar atamın ayağına düşüb yalvardı:

 

- Mirzə dayı, məni bağışla – dedi.

 

Atam onun satdığı qoyunların haqqını da ödədi. Əlavə özünə bir şişək də verib, dedi ki, get kəs, kabab elə...

 

Şirinqum qışlağı oldu atamın. Qoyunçuluğu məhv olmağa qoymadıq. İndi atam qoyunların sayını daha da artırıb. Papağının dalını qaldırıb arabir muğamat oxuyur. Hər dəfə fermaya gedəndə məni qucaqlayıb, deyir:

 

- Sənin şair ürəyinə qurban olum, ay Qəşəm...

 

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1786

Oxşar yazılar