Yayda spirtli içki içənlərin <span style="color:red;">NƏZƏRİNƏ: <span style="color:red;"> ÜRƏYİNİZ...
11 iyun 2019 14:58 (UTC +04:00)

Yayda spirtli içki içənlərin NƏZƏRİNƏ: ÜRƏYİNİZ...

Spirtli içkilər insan orqanizmi üçün ilin istənilən fəslində zərərlidir.

Bəs isti yay aylarında alkoqoldan istifadə insana hansı ziyanı vura bilər? Yay aylarında spirtli içkilərdən istifadə zamanı nələrə diqqət etmək vacibdir?

Mövzu ilə bağlı Lent.az-a danışan həkim-narkoloq Asif Kəngərlinin sözlərinə görə, isti yay günlərində spirtli içkilər qəbul olunduqda qan təzyiqi yüksəlir ki, bu da insanı ölümə qədər apara bilər: “Arterial qan təzyiqi yüksəldiyinə görə insult və infarkt riskləri artır. Spirtli içki bədəni qızışdırır, ürəyin fəaliyyətini, ürəkdöyünməni artırır ki, bu zaman ölüm hadisəsi baş verə bilər. İsti havalarda, xüsusilə tünd spirtli içki qəbulu yolverilməzdir”.  

Müsahibimiz bildirib ki, alkoqolik üçün istinin, soyuğun fərqi olmadığından onlar müntəzəm şəkildə içki istifadə edirlər. Dediyinə görə, gün ərzində hətta 2-3 litr spirtli içki içənlər də var: “Alkoqolizm xəstəliyinə mütbəla olanlar gün ərzində 1 litr, 2 litr, hətta 3 litr də içə bilirlər. Təsəvvür edin ki, iki litr suyu içmək olmur. İki litr spirtli içki insan orqanizmində nələrə səbəb ola bilər? Çox olur ki, insan yatır, səhər durmur. Əgər araşdırsaq görərik ki, spirtli içkilərdən çoxlu ölüm halları olur. Xüsusilə yay aylarında. Problem ondadır ki, içən insanlar özlərini xəstə saymırlar”.

A.Kəngərlinin sözlərinə görə, içki düşgünləri ən çox orta yaşlı insanlar olsa da, yeniyetmələr də bu sıraya qoşulub: “Son vaxtlar yeniyetmələr də çox içirlər. Hətta 14-15 yaşından başlayanlar olur. 23-25 yaşında alkoqolizmin ikinci mərhələsində olanlara rast gəlinir. Gənc yaşda spirtli içki içəndə aludəçilik çox sürətlə inkişaf edir. Deyək ki, insan 30 yaşında başlasa, ikinci mərhələyə 40 yaşında çatırsa, 25 yaşında başlayanda bu proses 4-5 ilə baş verir.

Spirtli içki aludəçiliyindən qurtarmaq üçün bir neçə dəfə müalicə almaq lazımdır. İki ilə yaxın kompleks müalicə alınmalıdır. O cümlədən iyrəndirici terapiya aparılmalıdır ki, insan iyrənsin, içə bilməsin. Müalicənin sonunda kodlaşma aparılır ki, insan iyrənsin içə bilməsin. Evdəkilərin, çevrənin köməyi ilə insanı o bəladan qurtarmaq mümkündür”.

Həkim onu da bildirib ki, qadınlarda alkoqolizm daha ağır gedişli olur: “Spirtli içkilər beyin üçün universal zəhərdir. Universal zəhər qadın orqanizmini daha çox zəhərləyir və onu daha tez asılı vəziyyətə salır. Ona görə də qadınlar bu vəziyyətdən çətinliklə çıxırlar”.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, spirtli içkilərdə yay aylarında kimyəvi reaksiyalar daha çox güclənir. Onun sözlərinə görə, məhsul saxlanma şəraitinə uyğun bir yerdə saxlanmırsa, daha təhlükəli ola bilər: “Araqların saxlanma müddəti bir ildən artıq deyil. Konyakları 3 ildən, şərabları 6 aydan artıq saxlama müddəti qoyulmur. Lakin biz əmtəə bazarında monitorinq aparsaq görərik ki, 85 faiz spirtli içkilərin üzərində istehsal və son yararlılıq tarixi yoxdur. Bu o deməkdir ki, 85 faiz yararlılıq vaxtı keçmiş təhlükəli spirtli içkilər əhaliyə təqdim olunur. Ona görə də istifadəçilər istehsal və son istifadə tarixi olan məhsullardan istifadə etsin. Zəhərlənmə olarsa, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı mərkəzi”nə müraciət etsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3440
avatar

Aygün İbrahimli

Oxşar yazılar