Layihə-smeta sənədləri hələ mart ayında hazır olan Bərdənin Zümürxan kəndində 60 ailə bu qışı da soyuq mənzillərdə keçirməli olacaq
“Bir neçə il bundan əvvəl Bərdə rayonunun Zümürxan kəndinin 100 faiz qazlaşdırılması barədə yuxarı instansiyalara yanlış məlumat verilib. Belə ki, 2010-cu ildə kəndin bir hissəsinin qazlaşdırılmasına baxmayaraq, bizim yaşadığımız “Çinarın dibi” məhəlləsinə qaz çəkilişindən imtina etdilər. Bu barədə dəfələrlə müxtəlif instansiyalara - Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev cənablarına, rayon Qaz İstismar Sahəsinin rəisinə və “Azəriqaz”a rəsmi məktubla müraciət etmişik. “Azəriqaz” İstehsalat Birliyindən bu ilin mart ayında aldığımız cavab məktubunda bildirilirdi ki, Zümürxan kəndinin qazlaşdırılmamış hissəsinə qaz çəkilişi üçün layihə-smeta sənədləri hazırlanıb və aprel-may aylarında tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulur. Amma bu vəd indiyədək yerinə yetirilməyib və hazırda Zümürxan kəndinin faktiki olaraq üçdə bir hissəsi qaz çəkilişindən məhrum olub”.
Bu sətirlər Bərdə rayonunun Zümürxan kəndində “Çinarın dibi” adlanan məhəllədə məskunlaşan 60 ailənin adından Lent.az-ın əməkdaşının elektron poçtuna göndərilmiş məktubdandır. Əhalisinin böyük əksəriyyətini əsasən, məcburi köçkünlər təşkil edən məhəllənin sakinləri yazırlar ki, onlar bu ilin Novruz bayramında Çəmənli kəndinə qaz verilməsi münasibətilə keçirilən yığıncaqda Zümürxan kəndinin də qazlaşdırılmayan məhəllələrinə qaz xəttinin çəkilməsi üçün Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevə bir daha müraciət ediblər: “Həmin yığıncaqda iştirak edən “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Fuad müəllim (icra başçısı onu bizə belə təqdim etdi) dedi ki, Zümürxan kəndinin qazlaşdırılmamış hissəsinə qaz xəttinin çəkilməsi üçün layihə hazırdır. Hətta bizə söz verdi ki, aprel ayının axırına qədər bu məhəllənin qazlaşdırılması üçün lazım olan materialları rayon Qaz İstismar Sahəsinə göndərəcəyik və tapşırıq verəcəyik ki, ən geci iyun ayına qədər qazlaşdırma tam şəkildə başa çatdırılsın. Amma aradan aylar keçdi, yay mövsümü başa çatdı, artıq qış qapını döyür, “Çinarın dibi” məhəlləsində məskunlaşan 60 ailənin mənzilinə isə qaz çəkən yoxdur”.
İki məktuba eyni cavab
Birinci məktuba verilən cavabdan sonra məhəlləyə qaz xəttinin çəkiləcəyini gözləyən 60 ailə sonuncu müraciətini noyabrın 1-də birbaşa Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevə ünvanlayıb. Bir surəti də təkrarən “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyevə göndərilən məktubda 60 ailədə yaşayan 253 nəfərin adından xahiş olunur ki, Zümürxan kəndinin “Çinarın dibi” adlanan küçənin qazlaşdırılması xüsusi nəzarətə götürülsün. 9 oktyabr prezident seçkiləri ərəfəsində yazılan həmin məktubda sakinlər layihə-smeta sənədlərinin hazır olduğu ərazinin qazlaşdırılmasının yubadılmasında kimlərinsə, marağının olduğuna işarə edilir: “Qarşıdan prezident seçkiləri gəlir. Bizə elə gəlir ki, 300-ə yaxın seçicinin yaşadığı bir ərazinin qazlaşdırılmasını ləngidənlər xalqı dövlətdən və prezidentdən narazı salmaq istəyirlər. Biz isə həmişə dövlətə və dövlətçiliyə hörmətlə yanaşmışıq və cənab prezidentimiz İlham Əliyevin arxasınca gedəcəyik.
Odur ki, Sizdən xahiş edirik ki, bizim yaşadığımız məhəlləyə qaz xəttinin çəkilişi üçün hazır olan layihənin həyata keçirilməsinə kömək edəsiniz”.
Birbaşa ARDNŞ prezidentinin özünə və “Azəriqaz”ın sədrinə göndərilən ikinci məktuba cavab özünü çox gözlətmir. “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəisi Aydın Hüseynovun imzası ilə sakinlərə göndərilən cavab məktubunda bu dəfə də ərazinin qazlaşdırılması üçün layihə-smeta sənədləri tam hazır olduğu bildirilir. Ancaq məktubda qazlaşdırmanın nə vaxt gerçəkləşəcəyi dəqiq göstərilməyib. Yalnız o qeyd olunur ki, “əraziyə qaz çəkilməsi gələcəkdə nəzərdə tutulmuşdur”.
Sakinlər isə Lent.az-a göndərdiyi məktubda “Azəriqaz”dan onlara verilən cavabdakı bu qeyri-müəyyənlikdən narahatdırlar. Bu səbəbdən də onlar “Azəriqaz”ın cavab məktubunu da özləri ilə götürüb gediblər rayon Qaz İstismarı Sahəsinə. Burada onlara deyiblər ki, qaz çəkilişi üçün layihə-smeta sənədləri hazır olsa da, tikinti-quraşdırma işlərinə başlamaq üçün nə material var, nə də maliyyə vəsaiti. İdarə rəhbərliyi sakinlərə bildirib ki, baş idarənin cavabından narazıdırlarsa və qaz çəkilişinin tez reallaşmasını istəyirlərsə, bu halda 60 ailənin hər biri 120 manatdan yığıb tikinti üçün lazım olan materialların pulunu ödəməlidir: “Bizə deyirlər ki, ya “Azəriqaz”ın tikinti işlərinə nə vaxt başlayacağını gözləməliyik, ya da özümüz pul yığıb rayon Qaz İstismar Sahəsinə verməliyik ki, onlar növbədənkənar bizim məhəlləyə qaz çəksinlər. Ancaq bunun qanuni olmadığını bilirik, ona görə də aldadıla biləcəyimizdən ehtiyatlanırıq”.
Fərdi evlərə qaz xəttini neçə çəkdirməli?
Xatırladaq ki, mövcud qaydalara görə Azərbaycanda yeni tikilmiş fərdi yaşayış evlərinə qaz xətti çəkdirmək üçün vətəndaş “Azəriqaz” İstehsalat Birliyinin yerli Qaz İstismar Sahəsinə müraciət etməlidir. Müraciət zamanı vətəndaş standart formada tərtib olunmuş ərizə blankı alır və müvafiq qaydada dolduraraq istifadə olunacaq qaz cihazlarının növünü və sayını göstərməklə Qaz İstismarı Sahəsinin texniki şöbəsinə təqdim etməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin surətini, fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarış, şəhadətnamə (“kupça”)), torpaq sahəsinin ayrılması və ya torpaq sahəsində evin tikilişinə icazə veriməsi barədə sərəncamın surətini də ərizəyə əlavə etməlidir.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev Lent.az-a bildirib ki, fərdi evlərin qazlaşdırılması barədə ərizə qəbul edildikdən sonra yerli Qaz İstismar Sahəsinin mütəxəssisləri tərəfindən perspektiv nəzərə alınmaqla qaz təchizatı mənbəyinin müəyyən edilməsi, qazlaşması nəzərdə tutulan evin və istifadə olunacaq qaz avadanlıqlarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə baxış keçirilir. Baxış nəticəsində qaz təchizatının mənbəyi, evin sxemi və avadanlıqların qaz sərfi göstərilməklə müəyyən olunmuş formada texniki rəy hazırlanır. Texniki baxış nəticəsində müsbət cavab verildikdə vətəndaş evin qazlaşdırılmasına dair layihə-smeta sənədlərinin hazırlanması və həmin sənədlərin Dövlət Qaz Nəzarəti İdarəsi ilə razılaşdırılması üçün “Azəriqaz”ın hesabına 62 manat 81 qəpik ödəyir. Bundan sonra standart formada tərtib olunmuş ərizə, ilkin sənədlər, ödəniş qəbzi, texniki rəy və sxem rayon Qaz İstismar Sahəsi tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilir və müəyyən olunmuş qaydada qaz təchizatı üçün texniki şərt hazırlanır. Tərtib edilmiş texniki şərt və qazlaşdırılacaq yaşayış sahəsinin sxemi layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin Layihə-konstruktor Bürosuna göndərilir.
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra tikinti təşkilatı tərəfindən sayğac quraşdırılır və müvafiq qaydada istismara qəbul aktı tərtib edilir. Vətəndaşa onun abunəçi kodu haqqında rəsmi məlumat verilir, qaz sərfinin hansı ödənilməsi şərtləri, texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunma barədə təlimatlandırma keçirilir, müvafiq kitabda qeydiyyat aparılır və sənədləşdirilir. Bütün bu mərhələlərin sonunda fərdi mənzillərə qaz verilməsi təmin olunur.
Bu martdan gələn marta
O ki, qaldı Bərdə rayonunun Zümürxan kəndində 60 ailənin yaşadığı məhəllənin qazlaşdırılmasının hansı səbəbdən yubanmasına, Araz Ağayev bu məsələni “Azəriqaz”ın müvafiq strukturları ilə aydınlaşdırandan sonra bildirdi ki, həmin yaşayış sahəsinin qazlaşdırılması gələn ilin mart-aprel aylarında reallaşacaq. Onun sözlərinə görə, üç il əvvəl Zümürxan kəndinə qaz xətti çəkilərkən yeni məhəllələrdəki evlərin bəzilərinin mülkiyyət sənədləri qaydasında olmadığından kəndin bir hissəsi qazlaşdırılmayıb: “Qazlaşdırma üçün məktubla müraciət edən ailələr də həmin məhəllənin sakinləridir. Artıq onların bütün sənədləri qaydasındadır, həmin əraziyə qaz xəttinin çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanıb və təsdiqlənib. Ancaq yaşayış məntə qələrinin qazlaşdırılması növbəlilik əsasında həyata keçirilir. Ona görə də Bərdə rayonunun Zümürxan kəndinin qazlaşdırılmamış ərazilərinə qaz xətti 2014-cü ilin fevral-mart aylarına nəzərdə tutulub”.
Beləliklə, layihə-smeta sənədləri hələ mart ayında hazır olan Bərdənin Zümürxan kəndində 60 ailə bu qışı da soyuq mənzillərdə keçirməli olacaq. Çünki “Azəriqaz” rəsmisinin söylədiklərindən məlum olur ki, qaz çəkilişi üçün layihə-smeta sənədlərinin hazır olma xəbərini 2013-cü ilin martında alan 60 zümürxanlı ailə ən yaxşı halda gələn ilin mart ayında sevinə biləcəklər. Bax, belə!