Xəzərdəki zəlzələ “Azəri-Çıraq-Günəşli”yə yaxın yerdə olub
10 iyun 2014 12:39 (UTC +04:00)

Xəzərdəki zəlzələ “Azəri-Çıraq-Günəşli”yə yaxın yerdə olub

0

Respublika Seysmoloji Xidmət Mərkəzi son günlər Xəzərdə zəlzələlərin tez-tez baş verməsinin səbəblərini açıqlayıb. Mərkəzin direktoru Qurban Yetirmişli Lent.az-a açıqlamasında bildirib ki, hər gün Azərbaycanda 5-10 zəlzələ qeydə alınır. “Xəzər dənizində zəlzələnin olması da təbiidir. Çünki Xəzər seysmoaktiv bölgədir”. O qeyd edib ki, Xəzərdə potensial gücə malik olan həm tarixi, həm də müasir dövrdə aktiv ocaqlar var: “Orada mütamadi olaraq dinamik proseslər davam edir”.


Mərkəz direktorunun sözlərinə görə, iyunun 7-də Xəzərdə baş verən zəlzələ “Azəri-Çıraq-Günəşli” neft yataqlarına yaxın ərazidə qeydə alınıb. Orada aktiv qırılma üzərində zəif təkanlar hər zaman baş verir: “Tək zəif təkanlar deyil, gərginlik toplanması nəticəsində böyük gücdə təkanlar da olur. İyunun 7-də baş verən zəlzələ heç də zəif zəlzələ deyildi. Təbii ki, həmin zəlzələ güclü yeraltı təkan idi”.

Q. Yetirmişli onu da əlavə edib ki, yaxın günlər ərzində Azərbaycanda güclü, dağıdıcı zəlzələnin baş verməsi ehtimalı yoxdur: “Xəzərdə baş verən yeraltı təkanlar neft hasilatına öz təsirini göstərir. Çünki hər bir zəlzələ baş verdikdə laylarda çatlar əmələ gəlir. Yəni, neft yataqda olan çatlarla başqa istiqamətə sızır”.

Direktorun sözlərinə görə, əgər müəyyən bir dövrdə gərginlik toplanması, suxurların sıxılması prosesi gedirsə, sıxıntı nəticəsində orada ola bilsin ki, neftin hasilatı bir qədər artsın: “zəlzələ baş verib, çuxurlar parçalanarsa, o zaman neft hasilatı aşağı düşür. Bunu bir neçə dəfə BP-nin əməkdaşları ilə söhbətimdə də bildirmişəm”.

Q. Yetirmişli vurğulayıb ki, hazırda BP şirkəti ilə birgə layihə hazırlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 838

Oxşar yazılar