Azərbaycanda yalnız bu halda abort mümkündür:  <span style="color:red;">YENİ QADAĞALAR  var - <span style="color:red;">MÜSAHİBƏ
13 mart 2019 15:03 (UTC +04:00)

Azərbaycanda yalnız bu halda abort mümkündür: YENİ QADAĞALAR var - MÜSAHİBƏ

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevin Lent.az-a müsahibəsi.

 

- Musa müəllim, Novruz bayramı ərəfəsindəyik. İnsanlar bir az  tətil  əhval-ruhiyyəsindədir. Siz necə, bu əhvalı yaşaya bilirsiz?

 

- Novruz bayramı xalqımızın ən əziz bayramıdır. O əhval-ruhiyyəni yaşamağa vaxt olmur. Yaz sessiyası Milli Məclisdə hesabatlar sessiyasıdır. Ombudsmanın hesabatını, bələdiyyələrlə bağlı Ədliyyə Nazirliyinin hesabatını dinlədik. Martın 15-də hökumətin, eyni zamanda daha iki hesabat dinləniləcək. Ona görə bu dəqiqə nə bayramla əlaqədar, nə də ondan sonra dincəlməyə planım yoxdur. 

 

Hazırda çox ciddi iki qanun- “Reproduktiv sağlamlıqın qorunması haqqında” və "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihələri  parlamentin yaz sessiyasının iş planına daxil edilib. Qanunları hazırlayan işçi qrupunun hər ikisində təmsil olunuram.

 

Digər tərəfdən, cənab Prezidentin son iki ayda  verdiyi sərəncam və fərmanların çox hissəsi əhalinin sosial müdafiəsi ilə bağlı olduğuna görə daha çox onların da izahatı, təbliğatı ilə məşğul oluruq. Seçicilərimizi qəbul edirik, komitə sədrinin müavini olaraq da hər gün işə çıxmalı, ölkənin müxtəlif yerlərindən səhiyyə problemi ilə bağlı gələn vətəndaşları qəbul etməliyəm. Ona görə nə tətilə çıxmağa, nə darıxmağa, nə də tənbəlləşməyə vaxt yoxdur.

 

- Əhalinin sosial müdafiəsi ilə bağlı aparılan islahatları, sərəncam və fərmanları bəzən müxəlifətin mitinqi ilə əlaqələndirənlər olur...  

 

- Əslində atılan addımlara islahat deməzdim. Bu fərman və sərəncamlarnlar cənab Prezidentin daxili siyasətdə apardığı sosial müdafiə  xəttinin növbəti addımlarıdır, sosial- iqsidai inkişafımızn növbəti mərhələsində proqramlar üzrə görülən işlərdir. İsalahat o halda deyilir ki, indiyə qədər gəlinən yol səni qane etmir, yeni yol seçirsən və o yolla davam edirsən. Bizdə isə bu islahatlar başa çatıb və onların memarı ümumlli lider Heydər Əliyevdir. Cənab Prezident də o yolu davam etdirib. Hazırda pensiyalar, əmək haqları, tələbə təqaüdləri və s.-in artırılması islahat yox, cənab Prezidentin 2018-ci ilin aprelin 11-də növbəti dəfə prezident seçilərkən seçki platformasında verdiyi sözlərin icrası ilə bağlıdır.

 

2008-2012 və 2014-cü illərdə  dünyada iqtsadi böhran yaşandı. Üçüncü böhran xüsusilə neftin qiymətinin aşağı düşməsi ilə müşahidə olundu. İqtisadiyyatının çox hissəsi neftlə əlaqəli olan dövlətlərin demək olar ki, hamısında milli valyuta devalvasiyaya uğradı. Bu təsirlər səbəbindən bizim milli iqtisadiyyatımızda bir az durğunlaşma və geriləmə müşahidə olundu. 2017-ci ildə isə Azərbaycan iqtisadiyyatı böhran vəziyyətinə düşmədən sabitləşmə dövrünə qədəm qoydu.

 

2018-ci ildə isə iqtisadi inkişafımızın növbəti mərhələsini başladıq. Niyə böhran bizdə dərin şəkildə özünü göstərmədi? Çünki cənab Prezident önləyici addımlar atdı və iqtisadiyyatın şaxələnməsi siyasətini həyata keçirdi. Artıq Azərbaycanın qeyri-neft sahəsi sürətlə inkifaf etməyə başlamışdır. 2016-cı ildə cənab Prezidentin sərəncamı ilə milli iqtisadiyyatımızın 2025-ci il və ondan sonrakı dövrdə inkişafı ilə əlaqədar strateji yol xəritələri təsdiq olundu.  Azərbaycanın sosial rifah dövlətinə çevrilməsi də yol xəritəsinin istiqamətlərindən biridir. Qarşıya qoyulan  məqsədlərdən biri də  2025-ci ildə Azərbaycanda minumum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı nisbət 60 faizə çatdırılmasıdır. Bu dünyanın inkişaf etmiş dövlətlərinin standartıdır.  İmzaladığımız Avropa sosial xartiyasında da bu öhdəlik götürülüb. Ona görə də məhz bu il iqtisadiyyatımızda artım baş verən kimi cənab Prezident daha çox sosial müdafiə yönümlü tədbirlərə önəm verdi.

 

Bəzən  müxalifət saytlarında, sosial şəbəkələrdə bunun müxalifətin çıxışları ilə bağlı olduğunu səsləndirənlər olur. Bunlar heç bir tənqidə sığmayan, izahı olmayan fikirlərdir. Nəinki sosial-iqtisadi sahədən başı çıxan, hətta bu sahəyə yad olan adamlar üçün də ciddi qəbul edilməyən iddialardır. Çünki maliyyə ilə bağlı məsələlər öncədən dövlət büdcəsində nəzərdə tutulmalıdır. Büdcədə olmayan yerdə sən əmək haqlarını, pensiya və müavinətləri necə artıra bilərsən? Dövlət büdcəsi də bir ayın içində təsdiq olunmur. Büdcə təxminən may ayından başlayaraq formalaşır. 2019-cu ilin büdcəsi hökümət tərəfindən 2018-ci ilin may ayından formalaşmağa başlayıb. Yoxsa bir gün mitinq etdik, Azərbaycanda dəyişklik oldu. Bir mitinqlə olsaydı çox asan olardı.

 

Sosial-iqtisadi məsələlər  nə Ələddinin sehirli çırağı, nə də Həzrəti Musanın əsası deyil ki, birdən birə ürəyin istəyəni həyata keçirəsən. Bu sərəncamlar ona görə bu il olur ki, 2018-ci il iqtisadi artım ili oldu. Və bu artımlar 2025-ci ilə qədər davam edəcək. Bu ilin yanvar  ayında təkcə gömrük və vergi sahəsində  bizim nəzərdə tutduğumuzdan 105 milyon manat artıq gəlirimiz olub. Bu artımlar inşallah, il boyu  davam edəcək və hökumət  də sosial sahəyə daha çox maliyə vəsaiti ayırmaq imkanı qazanacaqdır.

 

- Azərbaycanın sosial rifah dövlətinə çevrilə bilməsi üçün vətəndaşlar  hansı məsuliyyəti  öz üzərlərinə götürə bilər?

 

- Hər kəs öz yerində olsa, vəzifəsini məsuliyyətlə idarə etsə, dövlətin də işi asan olur. Təbii ki, bu prosesdə aparıcı, idarə edən tərəf dövlətdir.

 

Vətəndaşlara gəlincə, hər kəsin, iş adamlarının, işçinin, idarə və təşkilatların cəmiyyət qarışsşnda  sosial məsuliyyəti var. Dövlət sosial təminatı həyata keçirir. Vətəndaş da özünə sual verməlidir ki,  mən bu gün yoxsul bir qonşum üçün nə etmişəm? Yaxud da valideynini itirən uşağa dəstək vermişəmmi? Bir müəssisə olaraq aztəmiatlı işçimə hansı əlavə şəraiti yaratmışam?  Bunlar xeyriyyəçilk və sosial məsuliyyət məsələləridir. Azərbaycan xalqı xeyirxah xalqdır, xeyriyyəçiliyi ilə həmişə tanınıb. Xeyriyyəçilk ənənələrinin genişləndirilməsinə zərurət var. Çox təəssüf olsun ki, bu gün Azərbaycanda xeyriyyəçilk işləri lazımi  səviyyədə deyil. Kifayət qədər zəngin insanlarımız da var. Onlar da xeyriyyəçilk tədbirlərinə qoşula bilərlər. Dövlət tərəfindən bəzi qanunları qəbul etməklə xeyriyyəçilk fəaliyyətini situmalaşdıran addımlar ata bilərik. Xeyriyyəçilklə daha çox məşğul olan iş adamları, şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər. Güzəştli şəkildə təbliğatları, reklamları ola bilər. Dövlət sifarişləri daha çox onlara verilə bilər. Xeyriyyəçiliyi həyat normasına çevirməliyik.

 

- Reproduktiv sağlamlıq haqqında qanun bu sahədə hansı yenilkləri ortaya qoyacaq?

 

- Bu qanun birinci növbədə Azərbaycan dövlətinin gender siyasətinə dəstək olacaq. Dövlətimizin və cəmiyyətimizin ana və qadın hüquqlarına hörmətlə yanaşdığını bir daha bəyan edəcək. Qanun layihəsindəki imperativ normalara gəlincə, bu normalar əsasən sonsuzluq probleminin həllinə yönəlik tədbirləri nəzərdə tutur. Bu cür insanların  bir dəfə dövlət hesabına və ya icbari tibbi sığortanın hesabına bətindənkənar mayalanma həyata keçiriləcək. Qanunun tək bir cümləsi on minlərlə insanın arzularını həyata keçirəcək.

 

Selektiv abortlar məsələsini götürək. Bu məsələdə Şərqdə həmişə problem olub. Şərq və müsəlman mentalitetində oğlan uşaqlarına üstünlük verilir. Amma iş elə gətirib ki, hazırda ailələrdə bir-iki uşaq istəyənlərin sayı artıb. Elə ailələr var ki, hətta  birincinin də  qız olmasını belə arzulamırlar. Selektiv abortlar İslam dininə, qədim türk mənəviyyatımıza da ziddir. Bu həm də ana bətinində insanın qətliamıdır. Bunun qarşısını almaq üçün də qanunda konkret müddəalar öz əksini tapıb. Eyni zamanda, layihədə hamiləliyin qorunması ilə bağlı dövlət tərəfindən təminatların verilməsi də öz əksini tapmışdır. Hərbi qulluqçuların, hərbi çağrışçıların reproduktiv sağlamlıqlarının qorunması, yeniyetmə və şagirdlərin, gənclərin reproduktiv sağlamlıqla bağlı maarifləndirilməsi və s.  Qanunun pozitiv məqmaları çoxdur və qəbul olunmasıbir çox  problemlərin aradan qaldırılması üçün hüquqi əsas yaradacaq. Hələlik qanunun qəbul olunması üçün heç bir maneə yoxdur.

 

- Selektiv abortlarla bağlı müəyyən şərtlər və cəzalar necə tənzimlənəcək?

 

- Birinci maarifləndirmə işi əsas olmalıdır. Hər hansı səbəbdən valideyn bunu istəyirsə, artıq həkimlər üçün məsuliyyət yaranacaq. Əslində uşağın cinsinin təyini hamiləliyin 12-ci həftəsindən sonra bilinir. Bundan sonra isə abort edilməsi, hamiləliyin süni surətdə pozulması ailənin sosial göstərişləri əsasında, bir həkimin qərarı ilə deyil, konsilumun qərarı ilə olacaq. Ananın və uşağın səhhəti ilə bağlı ciddi problem olduğu halda qadağa olmayacaq.

 

- Donordan orqan köçürülməsi prosesi bu il reallaşa biləcək?

 

- Qanun qəbul olunduqdan sonra prosesə bu ilin içində başlanılacaq. Meyitdən orqan köçürülməsi həyata keçirildikdən sonra isə ildə 1000-ə yaxın insana bu sahədə yardım göstərilmiş olacaq. Əsas görəcəyimiz iş isə müvafiq təşkilati tədbirlərlə yanaşı, insanlarımızın donorluq və orqan bağışlandırılması sahəsində psixoloji hazırlanması, maarifləndirilməsi olacaqdır.

 

Onu da qeyd edim ki, İslam dini bu sahədə heç bir qadağa qoymur. Hətta bir insana həyat verilməsi dindarlar tərəfindən savab əməl kimi qiymətləndirilir.

 

- Musa müəllim, boşanmalardan söz düşmüşkən, televiziyada ailə-məşiət problemlərinin bu dərəcədə şoulaşmış şəkildə təqdiminə münaibətiniz necədir?

 

- Bu tip verlişləri iki qrupa ayırmaq, bir-birindən fərqləndirmək yaxşı olardı. Maarifləndirici verilişlərdə problemin elmi, psixoloji, dini əsasları qoyulur müzakirələr aparılır. Fikir və əks fikir olur. İnsanlar ordan doğrudan da maariflənirlər. 

 

Bir də kanalın pul qazanmalı olduğu sosial problemlər üzərində qurulan şoular var.  Bu, tamamilə ziyanlı bir şeydir. Biz çalışmalıyıq ki, şou proqramlarla maarifləndirici proqramların balansını tənzimləyə bilək. Şousuz da olmur. Televiziya da nəsə göstərməlidir, onların da büdcə maraqları vardır.  Amma bu heç bir halda televiziyalar neqativləri böyük  kütlə qarşısına çıxarıb problem kimi ortaya qoymamalıdır. Bütün cəmiyyətlərin problemi də,neqativi də,  pozitivi də var. Şou proqramlarında neqativlə pozitivin balansını gözləməliyik. Bir neqativi göstərəndə onun qarşısında ən azı bir pozitivi də göstərməliyik. Dağılan uğursuz ailəni göstərəndə bir uğurlu ailə modelini də göstərməliyik. Hər dəfə neqativlə insanları yükləyəndə tamaşaçı o neqativi norma kimi qəbul edir. Hətta təəccüblənmir və norma kimi qəbul edir. Bu mənada bəzi kanallarda xüsusilə ailə-məişət mövzuzu ilə bağlı şou-proqramları zərərli hesab edirəm. Hesab edirəm ki, MTRŞ bu barədə öz qəti sözünü deməlidirlər.

 

- MTRŞ adətən televiziyaların yaradıcılıq işlərinə qarışmadığını deyir...

 

- Bu yaradıcılıq deyil axı, əslində dağıdıcılıqdır.

 

- Dağıdıcılıq demişkən, boşanmaların artmasının qarşısını almaq üçün əsas nələrə diqqət olunmalıdır?

 

-. Boşanmaların artması təkcə bizim cəmiyyətin deyil, dünyanın hər yerində problemdir.  Boşanmaların çox səbəbləri var. Sosial-iqtisadi, psixoloji, intellekt-mədəniyyət fərqləri, mədəni uyğunsuzluq . O cümlədən reproduktiv sağlamlıqla bağlı səbəblər də var. Bu saat psixoloji uyğunsuzluq və mədəni səviyyələrin fərqli olmasını əsas səbəb hesab edirəm. Psixoloji uyğunsuzluq çox ciddi məsələdir. Niyə dədə-babadan əvvəlcə elçilik, bir müddət  sonra nişan və daha sonra toy edərdilər. Ən azı ailələr bir-biri ilə psixoloji uyğunluqlarını tapmalı idilər. Oğlanın özü ilə qızın arasında psixoloji uyğunluq məsələri yoxlanmalı idi. Son vaxtlar bizim çox sayda oğlan və qızlarımız var ki, Avropada təhsil alırlar. Tamam fərqli bir dünyagörüş əldə edirlər.

 

Yüksək təhsil almış, mədəniyyət görmüş bir ailənin övladı ilə o təhsili görməyən adam ailə quranda problemlər yarana bilir. Deyək ki, biri Baxdan, Bethovendən danışacaq, biri inəkdən, it boğuşdurmaqdan. Bu ailədə möhkəmlik olması mümkün deyil. İntellektlər arasında fərq çox olanda ya biri o birinin köləsi olmalıdır, ya da   o ailədə xoşbəxtlikdən əsər olmayacaq. Belə olanda da ömür boyu əziyyət çəkməkdənsə, ayrılmaq doğrudur.

 

Amma ayrılmaların birinci səbəbi sosial-iqtisadi problemlərdir. Buna görə əvvəllər gənc ailələrə ata-babalar kömək edərdi. Ayağa durana qədər. Bəzən nəvələri nənə-babalar saxlayardı. Bir az Azərbaycanda ailə modeli də dəyişib. Əvvəlki kimi böyük  ailənin olmaması da öz mənfi təsirlərini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3080
avatar

Aygün İbrahimli

Oxşar yazılar