Əsl demokratiya nümunəsi
21 may 2014 17:21 (UTC +04:00)

Əsl demokratiya nümunəsi

1918 – ci ilin 28 mayında müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından artıq 96 il keçir. Bu gün müstəqil Azərbaycan Respublikasının varisi hesab olunan AXC cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçilik tariximizdə çox dərin iz buraxmışdır.
Çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan Azərbaycan dövləti Şərqdə ilk müstəqil demokratik respublika olmuş və dünyanın nüfuzlu dövlətləri tərəfindən de-fakto tanınmışdır. AXC-nin yaranması xalqımıza istiqlal sevincini bir daha yaşatmış və milli mübarizə əzmini artırmağa nail ola bilmişdir.
Azərbaycan tarixinin çox mühüm bir mərhələsini əhatə edən AXC dövrü şərq aləmində müxtəlif sahələrdə həyata keçirdiyi bir çox islahatlarla yadda qalmışdır. Şərq tarixində qadınlara ilk dəfə seçmək və seçilmək hüququnu nəsib etmiş, milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən, öz dövlətçilik atributlarını – müstəqil dövlətin bayrağını, gerbini və himnini qəbul edən, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm addımlar atan Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycanın müstəqil dövlət quruculuğu sahəsində mühüm təcrübənin qazanılması üçün əsas rolunu oynamışdır. AXC Parlamenti də Şərqdə ilk parlament olaraq tarixə həkk olunmuşdur. Parlamentdə müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması isə səhv və ya düz addım olmasından asılı olmayaraq dövlətin nə dərəcədə demokratik olduğunu bir daha sübut edirdi.
Üçrəngli dövlət bayrağımızın, himnimizin qəbul olunması, Azərbaycan-türk dilinin dövlət dili elan olunması, məktəblərin milliləşdirilməsi, Bakı Dövlət Universitetinin əsasının qoyulması, tarixi adların bərpası, ilk milli muzey- "İstiqlal" muzeyinin yaradılması, Azərbaycan milli ordusu və hərbi dəniz donanmasının təşkili və s. işlərin həyata keçirilməsi bu günə qədər gəlib çıxan və təkmilləşən milli dövlətçiliyin əsasını qoymuşdur.
Bu gün də müstəqilliyimizi bizə yenidən qazandıran ümummilli lider Heydər Əliyev bu ənənələri davam etdirmiş və bizə AXC-nin varisi olan müstəqil və dünyada tanınan Azərbaycan Respublikası bəxş etmişdir.


Ləman Xəlilova
“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124
avatar

Oxşar yazılar