Vaşinqtonda Gül bayramı
07 may 2013 12:43 (UTC +04:00)

Vaşinqtonda Gül bayramı

Azərbaycan Amerika Alyansının (AAA) təşkilatçılığı ilə Amerikanın Vaşinqton şəhərində 10 May - Gül bayramı təntənəli şəkildə qeyd olunub.

 

Alyansdan APA-ya verilən məlumata görə, Kapitoli binası ilə Vaşinqton Monument abidəsi arasında yerləşən, “National Mall” adlanan parkda Amerika məktəbliləri, sakinlər və dövlət rəsmilərinin iştirakı ilə keçirilən mərasim Silkroad Rəqs Ansamblının çıxışı ilə başlayıb.

 

AAA-nın fəxri prezidenti, konqresmen Den Börton qonaqları salamlayaraq keçirilən bayramın tarixindən danışıb: “10 May Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. O, böyük siyasətçi kimi nəinki Azərbaycanın, ümumilikdə dünyanın siyasi tarixində silinməz izlər qoyub. Xoşbəxtlikdən onun müdrik siyasi kursunu övladı, Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir”. Daha sonra Den Börton Amerikada Gül bayramı keçirilməsinin əhəmiyyətini də vurğulayıb: “Bu, amerikalılar üçün Azərbaycanı tanımağın ən gözəl yollarından biridir. Onlar həm də bu yolla ölkə mədəniyyəti ilə, bayramları ilə tanış olurlar. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən bu tədbir vasitəsilə amerikalılar da 10 May - Gül bayramını böyük sevinclə qeyd etdilər”.

 

Daha sonra səhnəyə dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri cənab Elin Süleymanov toplaşanları təbrik edərək, Heydər Əliyevin Azərbaycanın həyatında oynadığı müstəsna roldan danışıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qurduğu əsaslı beynəlxalq münasibətlər, elə Amerika ilə güclü dostluq münasibətləri məhz onun uzaqgörən siyasətinin  bəhrəsidir”.

 

Vaşinqtonda keçirilən Gül bayramına dəvət olunanların böyük əksəriyyəti uşaqlar və məktəblilər olub. Vaşinqtonun 5 qabaqcıl məktəbinin şagirdləri Azərbaycan, onun dövlət atributları və ümumən Gül bayramı təəssüratlarını özünəməxsus şəkildə ifadə ediblər. Mərasimin keçirildiyi məkan başdan-başa onların əl işləri ilə bəzədilib. Əsərlər elə tədbir davam edərkən də yaradılırdı. Müxtəlif guşələrdə uşaqlar üz-gözlərini gül rəsmləri ilə boyayaraq əsl canlı çiçəklərə çevrilib. Gələn qonaqların diqqətini ən çox cəlb edən isə iki böyük rəsm əsəri olub. 4 saat ərzində dayanmadan qrafiti üsulu işləyən 2 rəssam göz önündə Heydər Əliyevin portretlərini canlandırıb.

 

Bütün tədbir boyunca səslənən Azərbaycan musiqisi sanki hər kəsi Odlar Yurduna aparıb. Amerikalılardan ibarət SilkRoad rəqs qrupunun təqdim etdiyi Azərbaycan rəqsləri isə bayramı bir az da milliləşdirib. Okeanın o tayında 10 May - Heydər Əliyevin 90 illiyi və Gül bayramının yaratdığı əhval-ruhiyyə hər bir amerikalının ürəyində silinməz iz qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190
avatar

Oxşar yazılar