Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya mayın 20-dən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 10 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı mayın 20-dən iyunun 18-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron və ya şəxsən və poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini mayın 20-dən iyunun 9-u saat 18:00 -dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
“Dövlət qulluğu haqqında” haqqında qanuna görə, müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.