Uşaqlarda nitq qüsurunu necə aradan qaldırmaq olar? - MƏSLƏHƏT
10 noyabr 2015 19:59 (UTC +04:00)

Uşaqlarda nitq qüsurunu necə aradan qaldırmaq olar? - MƏSLƏHƏT

“Hazırda uşaqların təxminən 70 faizində bu və ya digər formada nitq problemləri var”

“Valideynlərin kiçik hesab etdiyi nitq qüsurları psixoloji problemlərə səbəb olur”

“Uşaqlar 3-4 yaşlarından demək olar ki, bütün səsləri düzgün tələffüz etməlidirlər”

“Uşaq ana dilində normal danışa bilmirsə, ona ikinci dil öyrətmək nitq qüsuru üçün baza yaratmaqdır”

“Rayonlarda nitq qüsurlarının bərpası ilə məşğul olan mütəxəssislər yoxdur”

“Ən böyük problemlərdən biri ixtisasca loqoped olmayan şəxslərin - biologiya, tarix, ibtidai sinif müəllimlərinin bu sahədə fəaliyyət göstərməsidir”

Bu fikirlər APA TV-də efirə gedən “Sosium” proqramında səslənib.

 

Proqramın qonağı, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lalə İmanova uşaqlarda nitq qüsurlarının səbəblərindən danışıb: “Əksər ailələr kiçik nitq qüsurlarına əhəmiyyət vermirlər. Müasir dövrdə bunun ən aktual səbəbi uşaqlarda nitq ünsiyyətinə ehtiyacın olmamasıdır. Müasir ailələrdə adətən bir və ya iki uşaq olur ki, onları da çox vaxt evdə tərbiyə edirlər, məktəbəqədər müəssisələrin də sayı azdır. Uşaqlar evdə daha çox televizorun qabağında otururlar, 3-4 yaşından onlara kompyuter, telefon verirlər. Kiçik yaşlı uşaqlar demək olar ki, ünsiyyət etmirlər”.

 

Defektoloq Elnarə Məmmədova isə bu sahədə valideynlərin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Uşaqlarda nitq qüsurlarından irəli gələn psixoloji kompleksləri ilk növbədə müəllimlər hiss etməlidirlər. Bəzi valideynlər sırf arayış tələb olunduğu üçün bir aya uşaqlarını loqoped yanına gətirirlər, bu yanlışdır. Bəlkə də problemin həlli üçün məktəbəqədər  müəssisələrdə loqopedik mərkəzlər yaradılsa və maarifləndirməyə elə həmin müəssisələrdən başlansa, valideynlər uşaqlarda olan çətinliklər barədə məlumatlı olarlar”.

 

Lalə İmanova nitq qüsurlarının bərpasına erkən yaşda başlamağın daha faydalı olduğunu deyib: “Əgər uşaq hər hansı səsi düzgün tələffüz etmirsə, artıq 3-5 yaşından loqopedə müraciət etmək lazımdır. Təəssüf ki, bizim valideynlər məktəbə getmək ərəfəsində bunu hiss edirlər və 3-5 aya problemin həll olunmasını istəyirlər. Yaxşı olar ki, valideynlər uşağı 2 yaşında müayinəyə aparsınlar, ən azı ildə bir dəfə nevropatoloq, otolarinqoloq, oftalmoloq kimi mütəxəssislərin müayinəsindən keçirsinlər. 3 yaş yarımlıq uşaq bütün səsləri düzgün tələffüz etməlidir, təkcə "r" səsini 4,5 yaş, 5 yaşa qədər səhv tələffüz edə bilər. Lakin təkcə səslərin düzgün tələffüz edilməsi azdır, 3 yaşlı uşaq öz fikrini tam rahat, düzgün, qrammatik cümlə ilə ifadə etməlidir. Ən böyük problem də elə bundadır. Bizdə valideynlər yalnız uşaq kobud şəkildə kəkələyəndə problemi hiss edirlər, uşağın söz ehtiyatına, cümlə qura bilməsinə fikir vermirlər”.

 

Qonaq həm də ailələrdə bir neçə dindən istifadə olunmasına da münasibət bildirib: “İndi ailələrdə ana dilindən əlavə, rus dili, türk dilindən də istifadə edirlər. Hətta 2-3 yaşından uşağa ingilis dili öyrətmək dəb halını alıb. Uşaq bir dili 75-80 faiz mənimsədikdən sonra ikinci dilə keçmək olar. Əgər uşaq 2 yaşında ana dilində normal cümlə qurusa, ikinci dil öyrənməsi normaldır. Amma əgər ana dilində nitq tam formalaşmayıbsa, öz fikrini ifadə edə bilmirsə, ikinci dilin yüklənməsi nitq qüsuru üçün bazadır”.

 

Təhsil Problemləri İnstitutunun şöbə müdiri Lalə İmanova nitq qüsurunun bərpası ilə bağlı inzibati çətinliklərin böyük olduğunu deyib: “Əsas problemlərdən biri odur ki, korreksion pedaqoqlar, defektoloqlar yalnız Bakı və Sumqayıt şəhərində cəmləniblər. Rayonlarda mütəxəssis tapa bilmirlər. Hətta ən böyük şəhərimiz Gəncədən belə Bakıya gəlirlər. Bundan əlavə, Azərbaycanda heç bir təhsil müəssisəsi loqoped ixtisaslı mütəxəssis hazırlamır. Tələbələrə beş ixtisas birdən verilir, bu isə keyfiyyətdə problem yaradır”.

 

Elnarə Məmmədova Bakıda keçirilən forumun məqsədindən danışıb: “Forumun əsas məqsədi loqopedlər arasında həmrəyliyi, fikir, təcrübə mübadiləsi, bilik mübadiləsini təşkil etmək idi, bunların hamısı uşaqların sağlam gələcəyi deməkdir. Artıq ikinci ildir ki, biz belə forum təşkil edirik və artıq loqopedlər arasında rəqabət güclənib. Bu il bizim hədəfimiz uşaqların sağlam gələcəyi naminə loqoped və valideynləri bir araya gətirmək, xeyriyyə yarmarkası formasında birləşdirmək idi. Valideynlərin loqopedik müəssisələrinə müraciət etməməsinin əsas səbəblərindən biri də maddi problemlərdir. Məsələ bundadır ki,  loqopedlər özəl fəaliyyət göstərir və qiymət bahadır. Bir aylıq müalicənin məbləği 200 manatdan başlayır nitq problemindən asılı olaraq məbləğ də dəyişir. Məqsədimiz maddi sıxıntı səbəbindən bu xidmətdən yaralana bilməyən valideynlərə kömək etməkdir. Loqopedlər forumunun əsas məqsədi paylaşmaq hissini aşılamaqdır”.

 

Müəssisələrdə fəaliyyət göstərən loqopedlərin heç də hamısının bu ixtisasa malik olmadığını deyən Lalə İmanova valideynləri diqqətli olmağa səsləyib: “Valideynlərə müraciətim budur ki, loqopedə müraciət edəndə ondan ən azı  diplomunu göstərməyi tələb etsinlər. Bu sahədə ən böyük problemlərindən biri loqoped olmayanların loqoped xidməti göstərməsidir. Hətta biologiya, tarix, ibtidai sinif müəllimləri də loqoped kimi fəaliyyət göstərir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar