Sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri dövlət qurumları arasında «Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı»nı (2013-2015-ci illər) imzalayıblar.
Nazirlikdən Lent. az-a verilən məlumata görə, planın imzalanma mərasimində nazir Fizuli Ələkbərov Azərbaycanın milli qanunvericiliyinin uşaq əməyinə münasibətdə ümumbəşəri norma və prinsipləri özündə əks etdirdiyini qeyd edərək, uşaq əməyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi sahəsində görülən işlərdən, əldə olunan nəticələrdən söz açıb. Qeyd olunub ki, görülən tədbirlərin müsbət nəticəsi kimi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı ilbəil azalıb.
Tədbirlər yalnız iki dövlət qurumu arasında deyil, digər dövlət və qeyri-hökumət təşkilatlarının cəlb olunması ilə həyata keçiriləcək. Avropa İttifaqının Tvinninq Layihəsi çərçivəsində hazırlanmış Tədbirlər Planı bu mötəbər beynəlxalq təşkilatın daha bir aktual sahədə - uşaq əməyinin istismarının qarşısının alınması sahəsində ölkəmizə verdiyi dəstəkdir. Plan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tvinninq layihələri çərçivəsində keçən ilin iyun ayında «Uşaq əməyi» mövzusunda keçirdikləri dəyirmi masada əldə olunan razılaşmaya uyğun hazırlanıb.