Uşaq cərrahı: "Uşağı tez tez imalə etmək təhlükəlidir"
20 noyabr 2014 16:01 (UTC +04:00)

Uşaq cərrahı: "Uşağı tez tez imalə etmək təhlükəlidir"

 

Uşaq cərrahiyyəsi uzmanı Allahverdi Musayev: “Uşaqlara şişirdilmiş diaqnozlar qoyulur”

 

“Xarici ölkələrdə desək ki, uşağa belə diaqnoz qoyulub, bizə gülərlər”

 

“Əslində çox zaman qəbizliyin aradan qaldırılması, müalicəsi çox asan olur”

 

“Təəssüflər olsun ki, uşaqlarda qəbizlik probleminə daha çox rast gəlinir. Daha çox qidalanma pozğunluğu, uşaqlara düzgün tualet tərbiyəsinin verilməməsi ilə əlaqədar olaraq bu problemlərlə tez-tez qarşılaşırıq”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında uşaq cərrahiyyəsi uzmanı, Klinik Tibbi Mərkəzin əməkdaşı, tibb elmləri namizədi Allahverdi Musayev deyib.

 

Mütəxəssis deyib ki, anadangəlmə patologiyalar, mədədə, bağırsaqlarda olan problemlər də uşaqlarda qəbizlik yaradır: “Biz buna anatomik keçməzlik qüsurları deyirik. Belə hallarda uşaq anadan olan kimi qəbiz olur. Bundan başqa, anadangəlmə bağırsaq keçməzliyi ilə bağlı qəbizlik ortaya çıxa bilər. Bu problemlər də ya müalicə, ya da əməliyyatla aradan qaldırılır”.

 

A.Musayevin sözlərinə görə, müalicə ilə aradan qaldırıla bilən qəbizliklərə ferment çatışmazlığı nəticəsində yaranan qəbizlik də aiddir: “Uşaqlar ana südündən kəsilib, əlavə yeməklərə keçirildiyi zaman belə problemlər yaranır. Çox zaman problemi süni qidalar yaradır. Ana südü əmən uşaqlarda qəbizlik yaransa belə, öz-özünə aradan qalxır.

Amma çox zaman süni qidalarla qidalandırılan uşaqlar qəbizlik problemindən əziyyət çəkirlər. Bu hala tez-tez rast gəlinir. Məsələn, Türkiyədə heç bu qədər qəbizlik halı ilə rastlaşmırdım. Amma Azərbaycanda bu hala, əsasən də yeni doğulanlarda qəbizlik hallarına daha çox rast gəlinir.

 

Bunlar müalicə ilə keçir. Qida pozğunluğu və ya düzgün tualet tərbiyəsinin verilməməsi nəticəsində uşaqlarda gec nəcis ifrazı, ya da çox sərt ifrazı problemi ortaya çıxır. Bu ağrılı hal olduğuna görə, uşaqlar qorxurlar, bayıra getmək istəmirlər. Bir dəfə ağrı yarandığı üçün uşaq növbəti dəfə də ağrı olacağını zənn edir və nəcisini saxlayır. Bəzən bu hal günlərlə davam edir. Beləliklə də bu xroniki hal almağa başlayır”.

 

Əslində bu halın aradan qaldırılmasının, müalicəsinin çox zaman asan olduğunu deyən uzman cərrah bəzi düzgün təyin olunmayan müalicələr nəticəsində problemin daha da qloballaşdığını açıqlayıb.

Allahverdi Musayev deyib ki, bir sıra hallarda bir dərmanla müalicə olunmalı olan qəbizlik probleminə şişirdilmiş diaqnoz qoyulur və hətta balacalar gərəksiz yerə cərrahiyyə əməliyyatlarına məruz qalırlar: “Bizdə bir sıra mərkəzlərdə uşaqlara “dolixosiqma” deyilən bir diaqnoz qoyulur. Halbuki uşaq cərrahiyyəsində, uşaq xəstəlikləri arasında belə bir patologiya yoxdur. Biz bu gün həmin diaqnozu aparıb xarici ölkələrdə göstərib desək ki, uşağa belə diaqnoz qoyulub, bizə gülərlər. Gülürlər də bu patologiya ilə diaqnoz qoyulduğunu görəndə. Bəli, “dolixosiqma” deyilən problem var, buna 22 yaşdan sonra rast gəlinir. S-vari bağırsağın genişlənməsi zamanı belə bir diaqnoz qoyulur və əməliyyat tətbiq olunur. Ən çox da bu problemə qadınlarda hamiləlikdən sonra rast gəlinir. 

 

Amma təəssüflər olsun ki, bizdə qidalanma pozğunluğu, ya da anal qüsurlarla bağlı bir neçə gün bayıra çıxa bilməyən uşaqlara belə bir diaqnoz qoyulur. Halbuki bəzən bu çox adi bir halla bağlı olur, hətta çox zaman uşağın qidalanması normallaşdığı üçün problem öz-özünə keçib gedir. Bəzən düzgün olmayan müalicə nəticəsində nəcis daha da sərt bir şəkildə ifraz olunur. Çox təəssüflər olsun bizim bir sıra həkimlər problemin imalə ilə aradan qaldırılmasına çalışırlar. Bu da ağrılı proses olduğuna görə uşaqlar yenə də bayıra çıxmağa yox, nəcisi saxlamağa meylli olurlar. Və nəticədə bəzən uşaqlara əməliyyata tətbiq olunur.

Bu əməliyyatın mahiyyəti ondan ibarətdir ki, bağırsağın S-vari deyilən yeri rezeksiya olunub çıxarılır və bağırsaq təbii halından fərqli olaraq düz bir hal alır. Yəni normal fiziologiya pozulur. Nəcisin yığılması üçün yer azalır və bu zaman bayıra getmək asan olur, deyirlər. Uşaq cərrahiyyəsində belə bir hal olmamalıdır”...

 

Həkim onu da bildirib ki, əslində uşaqların bayıra çıxması halları yaşa görə dəyişir. Məsələn, bir-altı aylıq uşaqlarda gündə bir dəfə də, üç-dörd dəfə də bayıra getmək əslində normal sayılır: “Amma bu yaşda olan uşaq üç gün bayıra getməzsə bu artıq patologiya sayılmalıdır. Bu zaman təbii ki, qəbizliyin nədən yarandığı araşdırılmalıdır”.

 

Allahverdi Musayevin sözlərinə görə, qəbizlik hallarının yaranmaması üçün uşaqlar düzgün tərbiyə olunmalı, hər gün səhər yuxudan durandan sonra onlara su vermək lazımdır. Uşaq yemək yeyəndən sonra kiçik və böyük bayıra getməlidir.

 

Mütəxəssis onu da vurğulayıb ki, qəbizlik yarandığı hallarda imalə proseduru tətbiq etməyi vərdiş halına çevirmək olmaz. Onun sözlərinə görə, xüsusilə içərisində kimyəvi maddə olan, birdəfəlik imalələrdən tez-tez istifadə təhlükəlidir: “Hər dəfə imalə olunanda həm uşaqda tənbəllik yaranır, həm də kimyəvi maddələrin təsirindən qalın bağırsaqda olan viruslar atrofiya olur. Bu zaman uşaqda hissiyyat itir, hissiyyat itdiyi vaxt ailələr gələcəkdə problemlə üzləşirlər. Düzgün tətbiq olunmayan imalə nəticəsində bağırsaqda qanama yaranar, hətta çat, yırtıq əmələ gələ bilir”...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5042
avatar

Oxşar yazılar