UNEC-də yay imtahan sessiyası ilə bağlı rektor, professor Ədalət Muradovun iştirakı ilə ilk “Açıq qapı” günü keçirilib. Lent.az xəbər verir ki, “Açıq qapı”da rektorla yanaşı, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Çingiz Qənizadə, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və UNEC-in İctimai Nəzarət Şurasının üzvü Sevinc Qarayeva da iştirak edib. Onlar UNEC-in tələbə və valideynlərin imtahan sessiyası ilə bağlı müraciətlərini dinləyiblər. 30-a yaxın müraciətin dinlənildiyi görüşdə rektor Ə.Muradov məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə tapşırıq verib. “Açıq qapı”dan sonra ictimaiyyət nümayəndələri UNEC News-a təəssüratlarını bölüşüblər.
Millət vəkili Çingiz Qənizadə bildirib ki, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tələbə müraciətlərinin dinlənilməsi obyektivlik və şəffaflığın təntənəsidir: “Hər bir müraciətə universitet rəhbərliyinin ədalətli yanaşması bu fikirləri bir daha təsdiq edir. Əminəm ki, UNEC öz uğurları ilə qısa zamanda dünya universitetləri ilə bir sırada dayanacaq”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, UNEC-də “Açıq qapı”da əvvəllər də işturak edib: "Hər dəfə də universitetdə müsbət dəyişikliklərin şahidi oluram. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Mən UNEC-də savadlı, elmli, öz hüquqlarını bilən, onları müdafiə etməyi bacaran tələbələr gördüm və bu məni çox sevindirdi. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir”.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, UNEC-in rektorunun iştirak etdiyi “Açıq qapı” gününü izləmək çox maraqlı oldu: “Universitetdəki mühit, rektorun əlçatanlığı, problemlərə dəqiq yanaşma, həm də tələbələrin sərbəstliyi xoşuma gəldi. Müşahidə etdim ki, UNEC-də klassik “qorxulu rektor” stereotipi yaxşı mənada dağılaraq liberal mühit yaradılıb. Təhsilə, tələbəyə münasibət, xaricdə təhsilə dəstək və müsbət yanaşma, yeniliklər məni çox sevindirdi”.
Qeyd edək ki, UNEC rektorunun iştirakı ilə keçirilən “Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.