Beynəlxalq Mətbuat İnstitutunun Afrika və Yaxın Şərq regionu üzrə mətbuat azadlığı məsələləri ilə bağlı baş məsləhətçisi Timoti Spens (Timothy Spence) Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoğlu ilə görüşüb.Lent.az-ın məlumatına görə, BAMF-ın ofisində baş tutan görüşdə Azərbaycanda mətbuat azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbulu ilə bağlı müzakirələr aparılıb. Bu barədə U.Rəhimoğluna istinadən BAMF-ın informasiya departamentindən məlumat verib.
Olduqca məhsuldar keçən görüşdə U.Rəhimoğlu Azərbaycanda mətbuat azadlığının təmin olunması ilə əlaqədar ölkə prezidentinin həyata keçirdiyi proqramlardan söz açıb, bir sıra problemlərə baxmayaraq, Azərbaycanın bu sahədə MDB ölkələri arasında ön sıralarda durduğunu qeyd edib.
Qonağa Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat verilib. Münaqişənin həll olunmasında beynəlxalq ictimaiyyətin obyektiv mövqeyinin formalaşmasının vacibliyi və bu işdə jurnalistlərin üzərinə böyük yük düşdüyü qonaqla söhbətdə xüsusi olaraq vurğulanıb.
BAMF-ın yaranması, fəaliyyəti və həyata keçirilən layihələr haqqında ətraflı məlumat alan cənab Timoti Spens görüşdən məmnun qaldığını bildirib, BAMF-a gələcək fəaliyyətlərində uğurlar arzulayıb.