“Ucqar rayonların əksər orta məktəblərində davamiyyətin aşağı olması ilə əlaqədar nazirlik tərəfindən bölgə məktəblərində yoxlamalar aparılacaqmı” sualına Təhsil Nazirliyi tərəfindən aydınlıq gətirilib. Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ucqar məktəblərdə davamiyyətə nəzarət üzrə yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə davamlı tədbirlər həyata keçiriləcək.
Nazirlikdən verilən məlumatda o da vurğulanır ki, “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na əsasən, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur: “Qeyd olunan proqramın hazırlanmasında əsas məqsəd mövcud məktəb şəbəkələrinin səmərəliliyinin və son nəticədə tədrisin keyfiyyətinin yüksəldilməsidir”.
Təhsil Nazirliyi 12 illik təhsil sistemi ilə bağlı da məsələyə aydınlıq gətirilərək bildirib ki, 12 illik təhsilə keçidlə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi “Azərbaycan- 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”nda nəzərdə tutulub.