Üç yaşlı rəssam - MARAQLI İNSANLAR
19 avqust 2013 13:07 (UTC +04:00)

Üç yaşlı rəssam - MARAQLI İNSANLAR

Deyirəm, kosmos bu Markın dədəsinə rəhmət eləsin, facebookda çoxlu dostlar bulmuşuq. Çoxdandı bu məkanda virtual  dostluq elədiyim Fərhad Yalquzaqla görüşmək istəyirdim. Bilirdim ki, Fərhad rəssamdı, sən demə onun həyat yoldaşı Leyla xanım da rəssammış. Dəfələrlə olub ki, dostlarım Fərhadgilə qonaq gedib, rəssamın evində şənləniblər, mənə də yanıq veriblər ki, baaax, biz burdayıq, yəni, bu rəngli evdəyik. Həmişə paylaşdıqları şəkillərin altından Fərhad mənə səslənib ki, ay qardaş, hardasan, sən niyə gəlmədin?!

 

Nəhayət, dünən Fərhadla zəngləşib görüşməyi qərarlaşdırdıq. Şəlalə Göytürklə onlara getdik. İki rəssam, Fərhad Yalquzaqla Leyla xanım bizi çox səmimi qarşıladılar. Rəssamın evi necə olmalıdı ki? Onlar balaca qızcığazları ilə bu evdə yaşayırlar, bura onların həm iş, həm də yaşayış yeridi. Bütün divarlara rəng sıçrayıb, hər tərəfdən rəsmlər asılıb, müxtəlif boyalara tutulmuş döşəmə rəssam palitrasını xatırladır. Vay-vay-vay! Bu nə gözəl varlıqdı! Kimdi bu? Sizcə kim olsa yaxşıdı? Bu, Fərhadla Leyla xanımın övladı gözəl Altunaydı. 

 

 Mənimlə Moskvada Qorki adına Ədəbiyyat  İnstitutunda, Altunay adlı qıpçaqgözlü bir  qırğız qızı  oxuyurdu. Bu adı ilk dəfə o zaman eşitmişdim. Sonra, şair dostum Şaiq Vəli qızına bu adı vermişdi. Bu dəfə isə qarşımıza üç yaşlı gözəl Altunay çıxdı.  Şəlalə xanım Altunayı bağrına basır. Mən isə bu gözəl varlığın saçından öpürəm. Burada bir haşiyə çıxmaq istərdim. Ümumiyyətlə, uşaqların üzündən, dodağından öpənləri həmişə qınamışam. A balam, uşağın sifətindən, dodağından öpməyin! Hər şey bir yana, bəlkə sənin bir xəstəliyin var?!

 

Öz uşaqlığım yadıma gəlir, nənəm məni həmişə tanımadığım qohumlarının yanına aparardı. Onlar da tutub məni möhkəm-möhkəm öpərdilər. Düzdü, uzaq qohumlarla tanışlığa görə sevinirdim, lakin xəlvətə salıb onların öpdüyü yeri üzümdən silirdim. Yaşlı adamların öpməyindən lap iyrənirdim. Tərs kimi, nənəmin “podruşka”ları da mənim üzümdən öpmək üçün sanki yarışa girirdilər.

 

Nə isə, bu bir haşiyədi, söhbətin sonrası maraqlı olacaq. Divardakı rəsmlərin müəllifini soruşuram.

 

- Fərhad, bu hansınızın əsəridi?

 

Fərhad sağ tərəfdə asılan şəkli göstərib deyir:

 

- Bax, bu, Leyla xanımın əl işidi.

 

Başqa bir rəsm əsərini göstərərək:

 

- Bunu isə mən çəkmişəm.

 

Yəni, divarlardan hər iki rəssamın sənət əsərləri asılıb. Burada hər şey öz səliqəsizliyi ilə gözəldi. Nəhayət, gəlişimin səbəbini açıqlayıram. Deyirəm, sizin haqqınızda yazmaq niyyətindəyəm. Fərhad da dərhal cavab verir ki, əcəb eləyirsən, ancaq qabaqca gəl, bir “50-50” vuraq, sonra nədən istəyirsən danışaq...

 

Mən başlanğıc üçün taxtın üstündəki gitaranı götürüb dınqıldadıram. Fərhad gitaranı məndən alıb kökləyir və musiqinin ahəngi ilə öz şeirlərindən oxuyur. Ortada xoş ovqat yarandıqdan sonra Fərhada deyirəm:

 

- Qardaş, başqa əsərlərinizdən göstərə bilərsinizmi?

 

 Bu zaman Leyla xanım stol üstündə qalaqlanmış plakatları bir-bir çıxararaq:

- Bəlkə əvvəlcə Altunayın çəkdiyi şəkillərə baxasınız? – deyib, şəkilləri döşəməyə sərdi.  Bu nədi?! Bunları həqiqətənmi üç yaşlı uşaq çəkib? Bu rəsmlərdə konkret olaraq heç nə təsvir olunmayıb, sadəcə, insanın rənglərlə ifadə olunmuş ovqatı canlandırılıb! Mən şoka düşürəm, nə Pikasso, nə Modelyani, nə Dali, nə Safronov, nə Sakit Məmmədov, nə Vaqif Ucatay?!

 

Bu uşaq ümumiyyətlə, dəhşətdi! Görün, rəngləri necə seçib?! Bir rəsmində “qəssabın kəsdiyi dana!” Bir rəsmində “yağışlı havada bəzəkli çətir!” Bir rəsmində “musiqili gün!” Bir rəsmində “darıxıram!” Bir rəsmində “dünya gözəldi!” Bir rəsmində “kömək eləyin!..”

Azacıq sonra balaca rəssam divara söykənmiş kətana yaxınlaşdı. Fırçanı əlinə götürüb çəkməyə başladı. Altunay nədənsə tünd qara ilə tünd qırmızını qarışdırırdı.

Sonra getdikcə ağ rənglə bu tündlüyü yumşaltmağa çalışdı. Altunayın rəsmlərini gördükdən sonra Leyla xanımla Fərhad bəy haqda yazmağı  unutdum. Altunayla dostlaşmağa girişdim.

Əvvəlcə onun başmağını ayağından çıxarıb mobil telefon kimi qulağıma tutaraq danışmağa başladım. Bu zarafatım onun çox xoşuna gəldi. Sonra söhbətləşdik.

 

- Altunay, indi nə çəkirsən?

 

- Mən Muradı çəkirəm.

 

Bu zaman anası söhbətimizə qarışdı:                   

 

- Rəssam dostumuz Gündüzün Murad adlı oğlu var, Altunay onunla dostdu.

 

Mən təzədən bu qeyri-adi uşağı suala tuturam:

 

- Altunay, hansı heyvanları sevirsən?

 

- Pişik qəşəngdi, bir də itləri sevirəm.

 

Amma itlər adamı dişləməsə yaxşıdı.

 

- Bəs hansı heyvandan xoşun gəlmir?

 

- Tülküdən!

 

- Ohooo! Tülkünü niyə sevmirsən?

 

- Çünki tülkülər toyuqları, cücələri yeyir.

 

- Bax, bunu düz deyirsən! Qoy sənə bir dənə də “mentoş” sual verim, atanı çox

 

sevirsən, yoxsa ananı?

 

- İkisini də sevirəm!

 

- Niyə?

 

- Çünki onlar da məni çox sevir...

 

- Neçə yaşın var?

 

- Üç yaşım var, üçdən sonra dörd gələcək.

 

(Barmaqlarını göstərir.)

 

- Böyüyəndə kim olmaq istəyirsən?

 

- Həkim olacam, həm də rəssam...

 

- Nə gözəl donun var, kim alıb bunu sənə?

 

- Hə, atam alıb, siz gələndə geyinmişəm.

 

- Bu çəkdiklərin nədi?

 

- Mən çəkmirəm, yaradıram. (Qızcığazın

 

bu sözlərindən heyrətə gəlirəm)

 

- Bəs məni çəkə bilərsən?

 

- Hə, bir gün gələrsən, çəkərəm.

 

Bu arada Leyla xanım Altunaydan soruşdu:

 

- Bəs, Şəlalə xaladan xoşun gəldi?

 

- Həəə!

 

- Nəyə görə?

 

- Çünki o yaxşı insandı!

 

...Nə isə, gəlin, bu balaca rəssamın əsərlərinə baxaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Murad Köhnəqala

Oxşar yazılar