
TWESCO Özbəkistanda ilk beynəlxalq tədbirini reallaşdırıb
Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Özbək dilinin beynəlxalq türkologiyada rolu və əməkdaşlığın perspektivləri” adlı beynəlxalq konfransı keçirilib.
Lent.az-ın xəbərinə görə, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birlikdə keçirilən konfransda iştirakçılar öncə Əlişir Nəvai adına Milli parkda böyük şairin memorial kompleksini ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə və digər ölkələrdən alimlərin qatıldığı tədbirdə Universitetin rektoru Şuxrat Sirojiddinov qonaqları salamlayaraq, konfransın əhəmiyyəti barədə danışıb.
TWESCO prezidenti, professor Darxan Kıdırəli konfransa ev sahibliyi etdiyi üçün Özbəkistan tərəfinə minnətdarlıq edib və bu tədbirin gələcək əməkdaşlıq üçün möhkəm və sağlam təməl yaradacağına inandığını bildirib. Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından ayrı qalmasının ciddi bir çatışmazlıq kimi özünü göstərdiyini, Özbəkistan prezidenti Şavkat Mirzayevin Şuraya üzv olacaqlarını bəyan etməsindən sonra Beynəlxalq Türk Akademiyası olaraq yaranan boşluğu ən qısa zamanda dolduracaq işlər görmək, müxtəlif ortaq layihələr həyata keçirmək istədiklərini vurğulayıb. Eyni zamanda Akademiya rəhbəri təşkilatın indiyədək həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov eyni dilə, dinə, mədəniyyətə malik olan xalqlarımızın ortaq gələcək inşa etmələri üçün əməkdaşlığın və birlikdə fəaliyyətin zəruriliyinə diqqət çəkib. Tanınmış türkoloq, akademik Kadirali Konkobaev, Qazaxıstan Yazıçılar Birliyinin sədri Esdaulet Uluqbek və digərləri konfransın türk dünyası üçün əhəmiyyətinə diqqət çəkərək, təşkilatçılara uğurlar arzulayıblar.
TWESCO-dan geniş nümayəndə heyətinin qatıldığı konfransda Qazaxıstanın Özbəkistandakı səfirinin, nüfuzlu alim və türkoloqların çıxışları dinlənilib və əməkdaşlıqla bağlı təkliflər səsləndirilib.
Tədbirdə böyük qazax şairi Mağcan Cumabayın TWESCO tərəfindən özbək dilinə tərcümə olunmuş “Tanlanqan asarlar” kitabının təqdimat mərasimi keçirilib.
Həmçinin, Qaraqalpaqıstanın xalq şairi Müzəffər Əhməd və filologiya elmləri doktoru, professor Nasimxon Raxmonova Akademiyanın gümüş medalı təqdim olunub.
Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşrlərindən ibarət kitab sərgisi də təşkil olunub.
Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Akademiya prezidenti D.Kıdıarlinin başçılığı ilə TWESCO nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində Özbəkistan Milli Elmlər Akademiyasında, Özbəkistan İncəsənət Muzeyində və Özbəkistan Yazıçılar Birliyində də görüşlər keçirilib.
Özbəkistan Milli Elmlər Akademiyasının prezidenti, akademik Behzod Yuldaşevlə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib, konkret təkliflər ətrafında fikir mübadiləsi aparılıb və yaxın gələcəkdə iki qurum arasında memorandumun imzalanması barədə ilkin razılıq əldə olunub.
Eyni zamanda Akademiyanın nümayəndə heyəti Özbəkistan İncəsənət Muzeyində böyük qazax şairi Abayın şərəfinə təşkil olunan mərasimdə iştirak edib.
Özbəkistan Yazıçılar Birliyində özbək və qazax yazıçılar arasında keçirilən görüşdə isə iki ölkənin ədəbi əlaqələrinin genişləndirilməsi müzakirə olunub, ortaq dəyərləri bölüşən qardaş xalqların daha da yaxınlaşmasında ədəbiyyatın önəmi vurğulanıb.
Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46