Turşuları necə hazırlayaq ki qışda zəhərlənməyək? - <span style="color:red;">Mütəxəssislər danışır
09 sentyabr 2019 12:36 (UTC +04:00)

Turşuları necə hazırlayaq ki qışda zəhərlənməyək? - Mütəxəssislər danışır

Hazırda xanımlarımız qışa hazırlıq məqsədi ilə ev şəraitində turşular, şorabalar tədarüki ilə məşğuldurlar. Bəzi yarıfabrikatlar, konservlər da (badımsan salatı, ikrası, leço kimi hazırlıqlar) hazırlanaraq qışa saxlanılır. Qışda isə dəfələrlə "turşudan zəhərlənmə" xəbərləri yayılır. Hətta bəzi hallarda zəhərlənmə ölümlə nəticələnib.  Bəs necə edək ki, bu kimi hallar olmasın? 
 
Lent.az-ın əməkdaşı bu istiqamətdə qısa araşdırma aparıb. 
 
Turşunun doğru bağlanma üsulunu müəyyənləşdirmək üçün Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova ilə əlaqə saxladıq.
 
Mövzu ilə bağlı Lent.az-a danışan C.Əgərova bildirib ki, öncə turşu hazırladığımız meyvə və ya tərəvəzin təmizliyinə diqqət edilməlidir:
 
“İlk növbədə hansı məhsuldan turşu bağlayırıqsa, onun dərmansız təbii olmasına fikir verməliyik. Sonra məhsullar tər-təmiz yuyulmalıdır. Meyvə və ya tərəvəzi yuyarkən onu bir az islaqda saxlayıb, sonra yumaq lazımdır. Belə ki, üzərilərində kiçik torpaq qalsa belə o zəhərlənməyə kifayət qədər şərait yarada bilər. Və turşularda duzu az istifadə etmək düzgün deyil. Duz və sirkə mütləq qədərində tökülməlidir. Daha sonra turşunu bağlayacağımız qabı, istər banka və ya balon olsun 100 dərəcə istidə sterilizə etmək lazımdır. Daha sonra qapağını möhkəm bağlayıb, düzgün şəraitdə saxlanılmalıdır”.
 
Kulinar bildirir ki, bankalar mütləq sərin yerdə saxlanılmalıdır. 
 
Bu mövzu ilə bağlı söhbət etdiyimiz terapevt Coşqun Məmmədli də diqqət çəkən məqamlara toxundu. 
 
Coşqun Məmmədli Lent.az-a açıqlamasında qeyd edir ki, turşudan baş verən zəhərlənmə ölümlə nəticələnə bilər:
 
“Qidanın saxlanma şəraiti düzgün olmalıdır. Ağzı açıq qalan və köhnələn məhsulu qətiyyən istifadə etmək olmaz. Açıqda qalmış məhsulun üzərinə kənardan daxil olmuş xəstəlik törədən patoloji mikroorqanizmlər, mədə-bağırsaq sisteminin disfunksiyasının disbakteryozunu yaradır. Bu zaman mədə bağırsaq traktının normal mikroflorası pozulur və patoloji mikrofloranın daha çoxalmasına səbəb olur. Belə halda tez-tez ishal, qarın ağrıları baş verir ki, bu zaman orqanizm çoxlu maye, vitamin və mineral itirir. Bu zaman immunitet aşağı düşür və müxtəlif xəstəliklərin tez baş verməsinə səbəb olur. Ən qorxulusu isə botulizm infeksiyasının inkişaf eləməsidir ki, bu zaman xəstə özündə olmur və hətta ölüm halları baş verir”.
 
Hesab edirik ki, qışa tədarük görərkən mütəxəssislərin rəylərini nəzərə alarsız.
 
Nuş olsun!
 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar