CİDDİ PROBLEM: yağın saxta olduğunu belə yoxlayın
“Trans yağlar müxtəlif qida maddələrinin işlənməsi nəticəsində əmələ gələn yağlardır ki, bunların orqanizmə çoxlu zərərləri var”.
Bu sözləri Lent.az-a açıqlamasında həkim-qastroenteroloq Anar Salayev deyib. O bildirib ki, son vaxtlar daha da çoxalan xərçəng və mədə-bağırsaq xəstəlikləri elə bu yağlarla bağlıdır:
“Xüsusən də bitki mənşəli olan palma yağı məlumdur ki, 40 dərəcədə əriyir, ancaq orqanizmin temperaturu 38 dərəcədən yuxarı deyil. Buna görə də bu yağ ərimir və yığılaraq orqanizmin maddələr mübadiləsini kökündən pozur. Bu cür yağlardan günlərlə, aylarla istifadə etməyin nəticəsində mədə-bağırsaq və qan-damar sistemləri pozulur. Bir neçə ildən sonra isə xərçəng xəstəliyinin əmələ gəlməsində mühüm rol oynayır”.
Həkim qeyd edib ki, bununla bağlı konkret tədqiqatlar hələ aparılmasa da, müxtəlif versiyalar mövcuddur:
“Bədxassəli şişlərin artması daha çox qida məhsullarının keyfiyyəti ilə əlaqədardır. Bu yağlar isə daha çox dondurmalarda, ağartı məhsullarında istifadə edilir. Bundan başqa bütün dünyada artıq qəbul olunub ki, məhsulda hansı yağ varsa, bu mütləq yazılmalıdır. Hamı da bunun sayəsində etiketi oxuyur və bilir. Amma bizdə bu qanun olsa da, buna əməl edilmir. Düşünürəm ki, buna əməl edilsə, bu sahədə problemlər aradan qalxar və insanlar öz qeydlərinə qalarlar”.
Mövzu ilə bağlı Lent.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirib ki, ölkədə yağların tərkibinə nəzarət gücləndirilməlidir:
“Hazırda ölkəmizin yağ bazarı seqmenti çirklənib və istehlakçılara orijinal adı ilə saxta, zərərli yağlar satılır. Qurumumuza demək olar ki, hər gün müxtəlif kərə yağlarının tərkibi ilə bağlı şikayətlər daxil olur.
Kərə yağlarını alarkən alıcılar eyni temperaturda olan yağları sıxa bilərlər. Onların hansı bərkdirsə, deməli o, kərə yağı ola bilər. Bundan başqa kərə yağı kəsilərkən tökülür. Trans yağlara gəldikdə, bu cür yağlar insan səhhətinə həddindən artıq ziyandır, ona görə də çox diqqətli olmaq lazımdır”.
E.Hüseynov əlavə edib ki, alıcılar yağ almazdan əvvəl mütləq məhsulun üzərindəki məlumatları oxumalıdırlar:
“Adətən, yağ məhsullarının üzərində cəlbedici maraqlı şəkillər, eləcə də inək şəkilləri olur. Bunların tərkibi isə əksər vaxtlarda üzərində yazılır. Düşünürəm ki, ilk növbədə məhsulların üzərində tam və geniş məlumatlar verilməli, yağın tərkibi barədə istehlakçılar bütün məlumatlarla təmin olunmalıdırlar”.
Həmçinin xəbər verdiyimiz kimi, trans yağlarla bağlı açıqlama verən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, yağ məhsulları ilə əlaqədar hazırda ekspert qrupu tərəfindən xüsusi elmi-tədqiqat işi aparılır:
“Bu yaxınlarda Azərbaycanda trans yağları ilə əlaqədar normativ-hüquqi akt barəsində açıqlama verəcəyik. Bu, idxal və istehsal olunacaq yağların tərkibində trans yağların faizinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edəcək.
Həmçinin qeyd edək ki, AQTA sədrinin sözlərinə görə, nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur:
“Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.
Q.Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib. O qeyd edib ki, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.
4439