“Gələn ildən 9-cu sinifdə imtahan verən şagirdlər həmin imtahanın nəticələrinə uyğun olaraq müsabiqə yolu ilə kolleclərə (texnikomlara) qəbul olunacaqlar”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. Komissiya sədri deyib ki, gələn ilin ali və orta ixtisas məktəblərində qəbul qaydaları yanvar ayında “Abituiyent” jurnalının birinci sayında dərc olunacaq.
“Əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprelin axırında, bu ilin məzunları isə iyulda verəcəklər”-deyə, M. Abbaszadə əlavə edib.
TQDK sədri valideynlərə və abituriyentlərə müraciət edərək bildirib ki, dəyişiklərlə bağlı hər bir yeni məlumat TQDK-ın saytında yerləşdirilib: “Onlar kiminsə şayiələrinə inanmasınlar”.
M. Abbaszadənin sözlərinə görə, artıq 9-cu sinif şagirdlərinin xeyrinə edilən yeniliklər barədə ictimaiyyətə məlumat verilib. Komissiya sədri onu da vurğulayıb ki, qəbul planındakı dəyişikliklər Təhsil Strategiyası ilə bağlı hazırlanacaq plana əsasən həyata keçiriləcək.
“Bütün ali məktəblərin iki qrupa bölünərək adi və milli statusun verilməsi və onlara qəbulun hansı formada aparılması ilə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında birgə müzakirə aparılıb”-deyə, M. Abbaszadə əlavə edib.
Onun sözlərinə görə, hər il qəbul başa çatandan sonra ali məktəblərin hər bir ixtisas üzrə formalaşan keçid balı ictimaiyyətə təqdim olunur: “Məsələn, “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən regional universitetlərdə də aparılır. Ancaq həmin ixtisasa keçid balı universitetlər üzrə fərqlidir. Bu ballar da artıq universitetlərə olan tələbatın göstəricisidir və bizə universitetlərin potensialının necə formalaşması barədə fikir söyləməyə imkan verir”.
M. Abbaszadə qeyd edib ki, ali məktəblərin göstəriciləri komissiya tərəfindən Təhsil Nazirliyinə təqdim olunacaq. TQDK sədrinin sözlərinə görə, nazirlik ali və milli statuslu universitetləri müəyyənləşdirəndə komissiyanın təqdim etdiyi statistik məlumatları nəzərə alacaq.