Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması üçün bir neçə təkliflə çıxış edib. Qurumdan Lent.az-a verilən məlumata görə, ilk növbədə dərslik nəzəriyyəsinin işlənib hazırlanmasını davam etdirmək lazımdır ki, bu işə də yeni başlanılıb.
Müasir dərslik nəzəriyyəsi ilə bağlı ölkədə fundamental tədqiqat işlərinin olmaması dərsliklərin keyfiyyətinə mənfi təsir göstərən amillərdəndir.
TQDK Azərbaycanda dərslik müəlliflərinin hazırlığı üzrə institutun yaradılmasını təklif edib: “Hazırda ölkədə belə bir institut yoxdur. Dərsliklər öz əsas işlərindən ayrılmadan ali məktəblərin professor-müəllim heyəti, məktəb və ali təhsil müəssisələrinin müəllimləri tərəfindən hazırlanır. Nəşriyyatlar tərəfindən fəaliyyətdə olan müəllimlərin müəllif kollektivlərinə daxil edilmələri problemi həll edilə bilməyib. Bunun üçün sistemli şəkildə müəllif hazırlığı üzrə məqsədyönlü iş aparmaq lazımdır”.
Səhiyyə Nazirliyi ilə birlikdə “bütün təhsil mərhələləri üçün tədris ədəbiyyatının məzmun və tərtibatı ilə bağlı yeni sanitar-gigiyenik tələblər” işlənib hazırlanmalıdır.