Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 9-na gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktorunun müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, oktyabrın 9-da - prezident seçkiləri günü havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək.
Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava səhər dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, zəif şimal-şərq küləyi əsəcək, 12-15 dərəcə isti olacaq. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək, temperaturun 15-18 dərəcə isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında axşam da hava əsasən dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək, 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 9-da hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlıq ərazilərdə gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti olacaq.