Təhsil nazirinin təsdiq etdiyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ında ali təhsil alan şəxslərin tələbələr sırasından xaric edilməsi məsələsi də öz əksini tapıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Qaydalara əsasən, tələbə öz arzusu ilə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət
komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir.
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırışdan
möhlət hüququnu da itirirlər. Ali təhsil müəssisəsinin rektoru tərəfindən həmin şəxslərin xaric olunması barədə onların hərbi uçotda olduqları dövlət qurumlarına bir həftə
müddətində rəsmi məlumat verilir.
Qaydalarda həmçinin o da qeyd olunur ki, tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.