Dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən Xəzər dənizinin hüquqi statusu ilə bağlı yaranan fikir müxtəlifliyi bu günə qədər dövlətlərarası siyasi və elmi-nəzəri diskussiyaların davam etməsinə səbəb olmuşdur.
Bu fikir ayrılıqlarının mübahisələrə, bəzən isə açıq şəkildə dövlətlərarası qarşıdurma və münaqişələrə də çevrildiyini istisna etmək mümkün deyil. Düzdür, hər bir sahilyanı dövlət öz müstəqilliyini möhkəmləndirmək və iqtisadiyyatının çoxsaylı problemlərini həll etmək üçün Xəzərin təbii ehtiyatlarından maksimum şəkildə bəhrələnmək istəyir, lakin istəklərin bununla da bitdiyini demək olmur. Çünki Xəzərin hüquqi statusu beynəlxalq məsələyə çevrilmişdir və bu müstəvidə ilk növbədə dünyanın aparıcı dövlətləri olan ABŞ və Rusiya, Avropa və Asiya dövlətlərinin, o cümlədən region ölkələrinin maraqları kəsişir. Bu dövlətlərdən hər biri yaxşı başa düşür ki, Xəzərdə strateji mövqeyə malik olmaqla bütövlükdə Qafqazda, Mərkəzi Asiya və Orta Şərqdə böyük imkanlar əldə etmək olar. Elə məhz buna görə də Xəzəryanı ölkələrdən bəziləri, xüsusilə də İran və Rusiyanın qeyri-konstruktiv mövqeyi problemin həllinin uzanmasına gətirib çıxarmışdır.
Təbii ki, burada başqa amillər də vardır. Bunlardan biri də geoiqtisadi amildir ki, o da Xəzər dənizində böyük neft və qaz ehtiyatlarının olması ilə əlaqəlidir. Bu amil təbii ki, onu planetdə əsas geosiyasi və geoiqtisadi təsir mərkəzlərindən birinə çevirir.
Xüsusilə Xəzərin Azərbaycana məxsus olan hissəsi ilə əlaqədar İran və Rusiyanın narahatçılığı burada zəngin karbohidrogen ehtiyatlarının olması ilə əlaqədardır ki, bu da müxtəlif neft müqavilələrinin imzalanmasından sonra özünü daha qabarıq formada biruzə verdi.
Məhz 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması Xəzərin statusu məsələsinin həlli barəsində danışıqların yeni mərhələsi kimi müəyyən edilir. Çünki Müqavilə imzalanana qədər Rusiya və İran heç də Xəzərin statusunun yenilənməsi zərurəti haqqında məsələni müzakirə etmək istəmirdilər.
Lakin Müqavilə imzalandıqdan sonra Rusiya və İranın bəzi dairələri bütün qüvvəsi ilə Azərbaycanın öz xarici tərəfdaşlarıyla dənizdə reallaşdırdığı və həyata keçirmək istədiyi nəhəng enerji layihələrinə mane olmaq, xüsusən də bu işə qoşulmaq istəyən ABŞ və Qərb ölkələrinin Xəzər hövzəsinə daxil olmasının qarşısını almaq üçün bu problemi süni şəkildə şişirdərək gündəmə gətirmişlər.
İranın Xəzərin hüquqi statusu məsələsini uzatmasını da xüsusən bu amillə bağlamaq olar ki, o da Azərbaycanın Xəzərdə reallaşdırdığı transmilli layihələr və xarici şirkətlərin bu layihələrə qoşulmasıdır. Bu da onunla bağlıdır ki, İran hazırda həmin şirkətlərin təmsil olunduğu Qərb ölkələri, xüsusən də ABŞ-la kəskin münasibətlərə malikdir. Məhz həmin ölkələrlə münasibətlərin taleyi bəlli olana kimi bu məsələnin gündəmdə qalması üçün İran tərəfi əlindən gələni edir və digər ölkələrin maraqları nəzərə alınmır.
Qeyd edək ki, 2013-cü ilin noyabrın 21-22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 34-cü iclasında müəyyən razılıqlar əldə olunsa da problemin həlli sahəsində hələ də yekun bir qərara gəlinməmişdir.
Nəticə etibarilə Xəzəryanı dövlətlərin başçılarının növbəti sammitinin 2014-cü ildə Həştərxanda keçirilməsi planlaşdırılır ki, bu yüksək səviyyəli danışıqlar prosesində mühüm irəliləyişin əldə olunacağı gözlənilir.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı