Təhsil nazirindən mühüm AÇIQLAMA
14 dekabr 2013 18:02 (UTC +04:00)

Təhsil nazirindən mühüm AÇIQLAMA

Lent.az Təhsil Nazirliyinin saytına istinadən təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan müəllimlərinin XIV qurultayındakı çıxışından bəzi hissələri təqdim edir: 

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın  birinci istiqaməti səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını və təhsilin bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Tədris proqramı vaxtaşırı yenilənməli olan  bir sistemdir. Bu xüsusilə də, sürətlə dəyişən bir dünyada daha da mühümdür. Məktəb proqramları şagirdlərimizə elmlərin əsasını dərindən öyrənməyə və məktəbdə aldıqları bilikləri həyatda işlətməyə kömək etməlidir. Təhsilin məzmunu uşaqlarımızda dərrakəni inkişaf etdirməyə, hadisələrin səbəblərini dərk etməyə və düzgün qərar qəbul etmək bacarıqları aşılamağa xidmət etməlidir.

Müasir dünyanın tələbi olaraq, gənc yaşlarından başlayaraq qrup tapşırıqlarının verilməsinə də xüsusi yer ayrılmalıdır. Xüsusi diqqət xarici dillərin və dəqiq elmlərin tədrisinə verilməli, bu  fənlərə ayrılan saatlar artırılmalıdır. İbtidai təhsil səviyyəsində məntiqli düşüncə, ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas xətt kimi qoyulmalı, ana  dilinin və riyaziyyatın tədrisinə böyük önəm verilməlidir. Fənn kurikulumlarının  mahiyyətinin valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işinin  gücləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Növbəti tədris ilində artıq təhsilalanların həftəlik və gündəlik dərs yükünün azaltmaqla paralel olaraq tədris ilinin müddətinin artırılması istiqamətində  addımlar atılacaq. Bunun həyata keçirilməsində əsas məqsəd 32 həftəlik tədris  ili və 5 günlük iş rejimi şəraitində şagirdlərin həddən artıq yüklənməsinin  qarşısını almaq, 3 ay yarım tədrisdən ayrılmasının onların akademik  davamiyyətinə mənfi təsirini azaltmaq, şagirdlərin sağlamlığının qorunmasını  təmin etmək, ən başlıcası isə tədris prosesinin optimallaşdırılmasını və səmərəli  təşkilini təmin etməkdən ibarətdir. Həmçinin, yuxarı siniflərdə məcburi və seçmə fənlər modeli tətbiqi nəzərdə tutulur. Bu modelin yuxarı siniflərdə tətbiqi  şagirdlərin meyl və maraqlarının nəzərə alınmasına və ali məktəbə hazırlaşmağa kömək etmək məqsədi güdür. Təmayüllü məktəb və siniflərin yaradılması istiqamətində işlərin daha da  genişləndirilməsi nəzərdə tutulur, şagird və valideynlərə tam orta təhsil  səviyyəsində - təmayülləşmə və ya ümumi təhsil proqramı çərçivəsində qalmağa seçim imkanı yaradılacaq. 12 illik ümumi təhsilə keçid kurikulumların yenilənməsinə və tam orta  təhsil səviyyəsində təlimin profilləşməsinə təkan verəcəkdir, təmayüllü məktəb və siniflər şəbəkəsi uşaqların gələcək əmək fəaliyyətinin sahəsinin seçilməsinə kömək göstərəcək..Eyni zamanda, biz pedaqoji təlimi təhsilin ikinci əsas funksiyasından - tərbiyədən ayırmamalıyıq, uşaqlarımızı erkən yaşdan düzgün - saf və təmiz tərbiyələndirməliyik. Birinci sinifdən şagirdlərdə mərdlik, məsuliyyət, yoldaşlıq, Vətənə məhəbbət, millətə, xalqa bağlılıq kimi keyfiyyətlər aşılanmalıdır.

Şagirdlərin mənəvi aləmi bu keyfiyyətlər üstündə qurulduğu zaman müəllim bir tərbiyəçi kimi öz məqsədinə çatmış hesab oluna bilər. Uşaqların tərbiyəsinə  6 onların böyüdüyü mühitin, ətrafdakıları insanların və xüsusilə ailənin böyük təsiri vardır. Ona görə də təhsilin məzmunu onların bir cəmiyyətdə, bir-birinə qarşılıqlı hörmət və dəstək formasında inteqrasiya edilməsinə yardım etməli,məktəbin "sosial lift" funksiyasını yerinə yetirməyə sövq etməlidir. Məktəbdə uşaqlar yalnız biliyinə görə fərqləndirilməlidir. Şagirdlərin marağının artırılmasıvə dünyagörüşünün inkişafını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrinin işi də mütləq yaxşılaşdırılmalıdır. Bu sahədə olan vəziyyət bizi qətiyyən qane etmir.Təhsilin məzmunun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmaz. Əvvəlki illərdə də olduğu kimi, indi də yaxşı dərs vəsaitlərinə və metodik ədəbiyyata böyük ehtiyacımız vardır. Təhsilin səviyyəsi xeyli dərəcədə bunların keyfiyyətindən və məzmunundan asılıdır. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir,daha doğrusu müəlliflərin az olmasıdır. Təhsil Strategiyasında kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət ayrılır. Eyni zamanda, müasir tələblər təhsilverənlər qarşısında təkcə dərsliyin məzmununu təhsilalanlar tərəfindən mənimsəməyi deyil, həmçinin və bəlkə də daha vacib - lazimi bilikləri necə vəharadan əldə etmək yollarını onlara öyrətməyi tələb edir. Ona görə də dərsliklərlə yanaşı təfəkkürün və şəxsiyyətinin inkişafına yönəlmiş, yeni kurikulum və informasiya-kommunikasiya texnologiyaları əsasında təhsilverənlər üçün təlim metodologiyaları, metodiki vəsaitlər, didaktik materiallar və digər təlim vasitələrinin hazırlanmasını stimullaşdıran mexanizmlər də yaradılmalıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2467

Oxşar yazılar