“Azərbaycanda dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb”. APA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, bu azalmaya Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının icrası çərçivəsində görülən tədbirlər nəticəsində nail olunub.
Nazirin sözlərinə görə, əgər 2006-cı ildə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı 21 min idisə, 2012-ci ildə bu rəqəm 8336 nəfər olub: “Lakin əldə olunan bu nailiyyətlər hələ o demək deyil ki, bütün problemlər öz həllini tapıb. Bu məsələlərdə Təhsil Nazirliyinin üzərinə düşən əsas vəzifə uşaqların, xüsusilə valideyn qayğısından məhrum olan uşaqların mərhəmət və qayğı ilə əhatə olunması, onların gələcəyinin təmin olunması üçün əlindən gələni etməkdir. Qarşımızda duran məqsəd uşaqların maraqlarını üstün tutaraq ən müvəffəqiyyətli beynəlxalq təcrübənin öyrənilməsi, ən effektiv modellərin tərtibatı və düşünülmüş şəkildə tətbiq edilməsidir. Bu sahədə davamlı nailiyyətlərin əldə olunması üçün profilaktika tədbirlərinə diqqət yetirməliyik. Yeni uşaqların dövlət uşaq müəssisələrinə düşmələrinin səbəbləri ilə mübarizə aparmalıyıq, uşaqların və onların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə tədbirlər barəsində düşünməliyik. Bu, kompleks yanaşma tələb edən məsələdir. Onu tətbiq etmək üçün müxtəlif dövlət qurumlarının koordinasiyalı işi tələb olunur”.