Məktəblərdə xarici dillərin tədrisinə ayrılan saatların sayı artırılmalıdır. Lent.az-ın məlumatına görə, bunu, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, ibtidai təhsil səviyyəsində məntiqi düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsi əsas şərt kimi qoyulmalıdır. M.Cabbarov vurğulayıb ki, məktəblərdə ana dili və riyaziyyatın tədrisinə böyük önəm verilməlidir: “Növbəti tədris ilində artıq təhsil alanların həftəlik və gündəlik dərs yükünü azaltmaqla paralel olaraq, tədris ilinin müddətinin artırılması istiqamətində addımlar atılacaq. Bununla yanaşı, yuxarı siniflərdə məcburi və seçmə fənlər modelinin tətbiqi nəzərdə tutulur. Bu, yuxarı siniflərdə şagirdlərin meyl və maraqlarının nəzərə alınmasına və şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlaşmasına kömək edir. Təmayüllü məktəb və siniflərin yaradılması istiqamətində işlərin daha da gücləndirilməsi nəzərdə tutulur”.