“Məndən soruşdular ki, cavan oğlan, siz nəyə görə suvaqçı-rəngsaz olmaq istəyirsiz? Mən də dedim ki, uşaqlıq arzumdu. Dedi, lap elə uşaqlıqdan? Dedim, bəli, lap elə uşaqlıqdan, pioner olandan. Və qəbul elədilər. Hətta “sinifkom” qoydular”.
Bu gün doğum gününü qeyd edən tanınmış jurnalist. Onun Suriya, Gürcüstan, Pakistan, qiyamətdən sağ çıxacağı deyilən Şirincə, Abxaziya, Cənubi Osetiya, Dağıstan, Moskvadan hazırladığı reportajları mətbuatda oxumusuz yəqin. Amma bu gün onun hansısa reportajını oxumayacaqsız. Bu dəfə o, Lent.az-ın “Onun ilk peşəsi”nin qonağıdır. Lent.az-ın redaktoru Səbuhi Məmmədli. Və təkcə ilk peşəsindən də danışmayacaq. Suvaqçılıqdan qırçılığa, universitetdən müəllimliyə...çox şeydən...
Suvaqçı, qırçı, ekspeditor
- 1987-ci ildə orta məktəbi bitirib sənədlərimi Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) tarix fakültəsinə verdim. Üç dörd alsam da, məktəbi təzə qurtardığıma görə, balım çatmadı, müsabiqədən keçə bilmədim. Əvəzində kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsini təklif etdilər. Etiraz elədim və o dövrün qanunlarına uyğun olaraq, əmək stajı yığıb növbəti il imtahan vermək qərarına gəldim. Amma düzü işləməyə heç həvəsim yox idi, “staj yeri” axtara-axtara gəlib çıxdım Bakı şəhər Baş Tikinti İdarəsinin nəzdindəki Bakı Baş Tikinti İdarəsinin Tədris Kompleksinə. Burda oxumaq, həm də əmək stajına daxil idi. Qarşıma çıxan ilk peşəni seçdim: suvaqçı-rəngsaz. Kompleksdə o vaxta görə kifayət qədər yüksək təqaüd də verirdilər - 75 manat. Qəbul müsahibə yolu ilə aparılırdı. Çünki idarəyə ixtisaslı kadrlar lazımıydı. Suvaqçı, qaynaqçı, elektrik və sairə. Məndən soruşdular ki, cavan oğlan, siz nəyə görə suvaqçı-rəngsaz olmaq istəyirsiz? Dedim ki, uşaqlıq arzumdu. Bir-birinin üzünə baxıb qayıtdılar ki, lap elə uşaqlıqdan? Dedim, bəli, lap elə uşaqlıqdan. Və qəbul oldum. “Uşaqlıq arzuma” görə hətta “sinifkom” da qoydular. İki aydan sonra bizi təcrübəyə göndərdilər. “Sinifkom” olduğum üçün gənc suvaqçılar briqadasının briqadiri idim. Briqadirdən, yəni məndən başqa hamı suvaq vurmağı bacarırdı. Üç ay oxuyandan sonra bizi göndərdilər bir nömrəli tikinti idarəsinə. İndiki MTN-nin arxasındakı 16 mərtəbəli binanın tikintisi gedirdi. İkinci, ya üçüncü dərəcəm vardı. Birinci iş günümdə dedilər ki, bəs bu “sinifkom”du, özü təkcə suvaq vura bilər. Mən də təbii ki, suvaq vura bilmirdim. Bildiyim tək şey palçıq hazırlamaq üçün üç vedrə quma bir vedrə sement qatıldığı idi. Nə isə, qumu, sementi qarışdırdım. Bir, iki...heç nə alınmırdı, suvaq qopub düşürdü. Bir sözlə biabırçılıq. İş icraçısı da gördü ki, əlimdən heç nə gəlmir, etiraf etmək məcburiyyətində qaldım ki, bəs mən universitetə girmək istəyirəm. Ona görə, burda staj yığıram. Məni üzrlü hesab edin. Mən usta olmaq istəmirəm və olmayacam da. “Prorab” da çox ziyalı adamıydı, Hidayət dayı. Dedi ki, oğul, get dərslərini oxu. Sən bizə lazım deyilsən. Bundan sonra da əsgərlik vaxtım çatdı. DTK-nın sərhəd qoşunlarında iki il xidmət elədim. Əsgərlikdən oktyabrda qayıtdım. Ali məktəbə girmək üçün davamlı staj lazım idi deyə yenidən iş axtarmağa başladım və Xırdalanda tapdım. Böyük bir baza idi. O bazada da uzunluğu təxminən əlli, eni iyirmi metr, dərinliyi də azı 5-6 metr olan böyük bir qır “yama”sı vardı. Təxminən qol yoğunluğunda spirallar onu əridirdi. Texniki işçiydim, qır daşıyan maşınlara həmin quyudan qır vururdum. Dörd-beş ay da qırçı işlədim.
“Beş ildə beş ay dərsə getməmişəm”
S. Məmmədli 1991-ci ildə imtahan verib bir dörd, iki beşlə Azərbaycan Dövlət Universitetinə qəbul olur. Deyir universitetə üst-üstə heç beş ay getməyib. Birinci kursa həvəslə gedən tələbə qısa zamanda seçdiyi fəlsəfə ixtisası üzrə normal müəllim olmadığını görüb dərsdən yayınmağa başlayır.
- Elə işləməyə də birinci semestrdən sonra başladım. Universitet artıq mənə maraqlı deyildi. Deməzdim ailəmiz kasıbıydı, yox, normal yaşayan dəmiryolçu ailəsiydik. Baxma, respublikanın bir nömrəli ali məktəbində oxuyursan, yaxşı geyinmək, tutaq ki, siqaretin ən yaxşısından çəkmək, bütün bunlara pul lazımdı axı? Hər dəfə də evdən istəmək olmurdu. Yenə Xırdalanda, bu dəfə “Azəraqroyoltikinti”də işə başladım. İlk maaşım? Bu günə qədər yadımdadı. İlk maaşım yüz iyirmi beş manatıydı. Maaşı alanda “Uşaqlığın son gecəsi” filmindəki o uşağın gününə düşmüşdüm. Azı iki yüz manat maaş gözləyirdim. Kassirə dedim ki, xala bəlkə düz hesablanmayıb? O da lap filmdəki kimi qayıtdı ki, düzdü, “prorab” nə yazıbsa, odu. Səhv ola bilməz. O da yadımdadı ki, ilk maaşıma iki dənə tort aldım. O vaxtlar “Nağıl” tortu vardı, ondan.
“Ağlaşdıq, ayrıldıq”
Orta məktəbi Biləcəridə bitirib – 5 saylı dəmiryolu orta məktəbini. S. Məmmədli deyir ki, məktəb Bakının sayılıb-seçilən beş məktəbindən bir olub. Bu məktəb savadlı müəllimləri ilə tanınırmış. Minayə xanım, Dilarə Azaflı, Yasəmən müəllimə, Elbrus müəllim...Amma bir şeyə görə təəssüfünü gizlətmir: “Həmin o 5 nömrəlidən əsər-əlamət qalmayıb. O cür təhsil verən, o cür müəllimləri olan məktəb indi rəzil gündədir. Adam baxanda ürəyi ağlayır ki, niyə adla çağırılan o məktəbi bu günə qoydular. Mən təkcə o məktəbi bitirməmişəm, orda dərs də demişəm”.
- 94-cü ilin bu vədələri idi. Qonşumuz Urziyyə müəllimə dedi ki, bəs maaş azdı deyə müəllimlər məktəbdən dağılıb gedir. Təzə gələnlər də Biləcəri uşaqlarıyla davrana bilmir. Universitetdə pedaqogika keçdiyimdən işə götürdülər. Onda mən hələ üçüncü kursda oxuyurdum. Tarix dərsi deyirdim. Düz dörd il. Bu dörd il həyatımın ən şərəfli, ən gözəl illəri oldu bəlkə də. Sinif vermişdilər, 6 “b”. Bu sinif üçüncü rübdən sonra məktəbin ən yaxşı oxuyan sinfi seçildi. Onlarla dost kimiydim. Hətta idman dərslərində onlarla futbol belə oynayırdım. Altı ay idi ki, işləyirdim ki, direktoru məni yuxarı siniflərdə dərs verdi. Amma 6 “b”də sinif rəhbəri kimi qaldım. 97-98-ci dərs ilində mənim sinfim 9 “b” üçüncü rubdə yetmiş beş faiz keyfiyyət əldə etmişdi. O vaxtkı direktor nəticələrə inanmırdı. Ümumiyyətlə, Binəqədi rayonunda belə hal ilk idi ki, sinfin 75 faizi 4-5-lə oxuyur. Sinfimə bütün fənlərdən açıq dərs saldılar. Və biz bütün açıq dərslərdən uğurla keçdik. Amma bütün bunları gözü götürməyənlər vardı. Təsəvvür edin, həmin sinif onuncu sinfə keçəndə mənə vermədilər. Sentyabrda uşaqlar məktəbə gəldilər ki, sinif rəhbərləri dəyişib. Buna etiraz edərək tətil keçirdilər, üç gün dərsə gəlmədilər. Azərbaycanda belə bir şey görünməmişdi. İlk dəfəydi ki, məktəb uşaqları sinif rəhbərinə görə tətil edirdilər. Bu məktəb üçün böyük bir “çp” idi O vaxt bu barədə əksər qəzetlər yazdılar. Üç gündən sonra direktor uşaqlara hədə-qorxu gəldi ki, bəs dərsə gəlməsəniz, sinfi Biləcəridəki bütün məktəblər üzrə dörd-beş yerə böləcəyik. Mən ərizə yazıb işdən çıxası oldum. Ki, uşaqları didərgin salmasınlar. Direktordan sadəcə bir şeyi xahiş etdim ki, icazə ver sinfimlə son qırx beş dəqiqə baş-başa qalım. O razılıq vermək istəməyəndə Dilarə Azaflı işə qarışdı. Biz qırx beş dəqiqə bir-birimizin üzünə baxdıq, baxdıq... Mən zarafat eləmək istədim. Gördüm, yox, zarafatlıq deyil. Nə isə deməyə cəhd etdim, gördüm o da alınmır. Və zəng vuruldu. Qucaqlaşdıq, ayrıldıq. O uşaqların göz yaşını hələ də unuda bilmirəm.
Bilirsiz, mənim sinfim məktəbdə yeganə sinif idi ki, nə süpürgə, tabaşir, fond, zir-zibil pulu vermirdi. Dava-qırğınla dirənib qoymurdum. Uşaqlar da yaxşı oxuyurdular. Bu mənə fərəh verirdi. O uşaqlar indi də məni küçədə görəndə qucaqlayıb öpürlər. Çoxunun toyunda iştirak etmişəm.
“Qorxdum ki, yenə vuracaq”
S. Məmmədli məktəbdə işlədiyi ilk günlərdən bir epizodu xatırlayır. Hələ də özünü şagird kimi hiss edən Məmmədli utandığından bufetdə müəllimlərlə çay içmir, siqaret çəkmir:
- Yasəmən adlı riyaziyyat müəlliməmiz vardı. Çox gözəl müəlliməydi. Baş əyirəm onun qarşısında. Uşaq vaxtı bizi, yəni riyaziyyatı oxumayanları yaxşı döyərdi. Həmişə mənə qəzəblənirdi ki, oxuya bilərsən, niyə oxumursan? Dəqiq fənləri sevmirdim. Mənimki humanitar fənlər idi. İki gün idi məktəbdə dərs deyirdim, bufetdəydim. Yasəmən müəllimə gəldi oturdu yanımda. Əlini uzatdı ki, stoldan konfet götürə mən tez çəkildim. Məktəb vaxtı o qədər vurmuşdu ki, məndə adət qalmışdı. Elə bildim məni vuracaq. O da güldü ki, ədə, qorxma, vurmayacam! (gülür).
Jurnalistikaya gəlişi də maraqlı olub.
- Biləcəri məktəbləri arasında çempion olmuşduq. İstədik ki, qələbəmizdən hamı xəbərdar olsun. Bu barədə yazı hazırlayıb sinif yoldaşımla nəşriyyata gəldik. Yazı kimin imzasıyla gedəcək deyəndə o nəsə çəkindi, adının getməsini istəmədi. Və beləcə ilk imzamla yazım hələ səkkizinci sinifdə oxuyanda respublikanın sayılıb-seçilən iki qəzetindən birində, “Bakı”da çıxdı. Yazı çıxandan sonra məktəbin ulduzuydum. Ondan sonra həvəslənib bir neçə yazı daha verdim. Beləcə üst-üstə toplayanda iyirmi manata yaxın qonorar da aldım. Jurnalistikaya böyük həvəsim vardı. 1991-ci ildə müstəqillik əldə olunandan sonra çoxlu qəzetlər nəşr olunmağa başladı. 92-ci il noyabrın 17-də “525-ci qəzet”in ilk sayı çıxmışdı. Oxuyanda gördüm ki, təsisçi Rəşad Məcid gənclərə müraciət edib ki, gəlin işləyin, bu qəzet gənclərin qəzeti olacaq. Elə həmin günü də gəldim nəşriyyata. Baş redaktoru, Yusif Rzayevi tapdım. Dedi, işləmək istəyirsənsə, gəl işlə. İlk yazım yaxşı yadımdadı, MDB-lə bağlıydı. Qəzetdə “Hayd park” adlı rubrika vardı. Demək olar ki, mətbuata imzamı o rublika tanıtdı. O vaxt Nizami Süleymanov seçicilərə fantastik vədlər verirdi. Seçkiləri uduzmağına baxmayaraq, demokratiyadan istifadə edib hər yerdə “mən prezident seçilsəydim belə olardı, elə olardı” deyə populistcəsinə danışırdı. Mən də cavanıydım, iyirmi bir yaşlı bir uşaq. Bir müsahibəylə Nizami Süleymanovu alt-üst etmişdim. O vaxt rəhmətlik Elçibəy prezident aparatında iclasların birində belə bir söz demişdi: “Neçə aydı AXC-nin Nizami Süleymanovun populist şüarlarına qarşı bacara bilmədiyini, cavan uşaq bir müsahibəylə həll elədi”.
Beləcə Səbuhi Məmmədli “525-ci qəzet”də əvvəl müxbir, sonra baş redaktor, “Azərbaycan” qəzetində xüsusi müxbir işləyir. Yeri gəlmişkən, əmək kitabçasında belə bir maraqlı ardıcıllıq var. Əvvəl yazılıb: “Suvaqçı vəzifəsindən azad edilsin…” Arxasınca da gəlir: “…baş redaktor təyin olunsun”. Bu, yəqin ki nadir tərcümeyi-hallardandır.
Növbəti redaksiya Mehman Cavadoğlunun “Rezonans” qəzeti olur. O deyir ki, 97-ci ildə, sıfırdan yaranan qəzetin üç ay sonra on beş min tirajı vardı. Oradan sonra “Yeni Müsavat”da, 2004-2006-cı illərdə isə Moskvada “Azərros” qəzetində işləyib. S. Məmmədli Moskva həyatını çox dinamik hesab edir.
- Mən orda “Moskovski komsomolets” (“MK”) qəzetiylə əməkdaşlıq edirdim, Azərbaycanla bağlı xəbərlər verirdim. “MK” Rusiyanın ən yaxşı qəzetlərindən biridi. Xəbərlə necə işləməyi, mən onlardan öyrəndim. Bir misal çəkim, Moskva bazarlarından birində tanış uşaqlarla bir yerdə çay içirdik. Xəbər gəldi ki, bazarda işləyənlərdən birinin altı uşağı olub. Və mən dərhal bu barədə “MK”nın şöbə müdiri Yelena Korotkovaya bildirdim. O da dedi ki, hə, əla xəbərdi, hazırla göndər. Mən də ad, familiya, ananın durumu, uşaqların vəziyyəti öyrənib yazdım. Beş dəqiqə keçməmiş xəbər gəldi ki, belə yaramaz. Öyrən gör, Azərbaycanda daha əvvəllər belə hal olubmu? Səhiyyə Nazirliyindən münasibət al. O vaxt da indiki kimi Səhiyyə Nazirliyindən münasibət almaq müşkülüydü. Mən bunu öyrənə bilmədim. Xəbər iki imzayla getdi. Onlar Azərbaycanda üçəmlərin, dördəmlərin, beşlərin sayını belə öyrəndilər. Altı uşaq isə ilk idi. Balaca bir xəbərdən yekə yazı hazırladılar. Qəzetdə manşet getdi bu xəbər. Onlar məndən şəkil istəyəndə mən dedim ki, icazə verməzlər fotoya. Bizim mentalitetə uyğun deyil. Maraqlısı budur ki, onların qəzetdə şəkilləri yaydılar. Mən onların xəbərlə işləmələrinə baxıb qibtə edirdim.
Səbuhi Məmmədli jurnalistikadakı müəllimlərindən danışır.
- Mətbuatda olduğuma görə, bir nəfərə borcluyam. O da, Mehman Cavadoğludu. O, sözün əsl mənasında əlimizdən tutub yazı yazmağı öyrədib. Yusif Rzayevə də borcluyam. İlk yazılarımı o oxuyub. O redəktə edib, öyrədib. İşlədiyim hər bir redaksiyaya görə qürur duyuram. Günü sabah onların hansına geri dönsəm, güman edirəm ki, istər Rəşad Məcid, istər Rauf Arifoğlu, istər Rahim Hacıyev məni qapıdan geri qaytarmaz. İndi də Lent.az-da. Lent.az-a necə gəldim? Vüsalə Mahirqızıyla “facebook”da hal-əhval tuturduq. Dedi, nə işlə məşğulsan? Dedim, bekaram. Sonra söhbət bir vaxtların ən istedadlı publisistlərindən olan İlyas Ərnəfəsdən düşdü. İlyas indi ruhi xəstədi, sərgərdan həyat sürür. Onunla bağlı bir reportaj hazırlayıb göndərdim Vüsalə xanıma. Təxminən on beş dəqiqə sonra baxdım saytdadı. Beləcə başladım əməkdaşlığa. Arağı atandan sonra işə götürdülər. (Gülür)
Ləman Mustafaqızı,
Anar Məcidzadə