Sürüşmə zonalarında mövcud təhlükələr
İldən-ilə Azərbaycanda sürüşmə sahələrinin sayı artır. 1980-ci ildə Azərbaycanda 100 yaşayış məntəqəsində sürüşmə qeydə alınırdısa, indi bu göstərici 400-ə yüksəlib.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. Onun sözlərinə görə, əvvəllər sürüşmə hadisələri Azərbaycan iqtisadiyyatına 7-10 mln. ABŞ dolları məbləğində ziyan dəyirdisə, indi bu zərərin həcmi orta hesabla 30-35 mln. ABŞ dollarına çatıb.
N.Paşayev bildirib ki, Azərbaycanda sürüşmənin yaranmasına təbii və antropogen amillər təsir edir: “Belə ki, relyefdə meylliyin olması, yağıntıların çox düşməsi, yolun və kommunikasiya xətlərinin düzgün çəkilməməsi, ərazinin həddindən çox yüklənməsi, ərazidə süxurların gilli şistlərdən ibarət olması sürüşmənin yaranmasına səbəb olur. İnsanların ərazidən düzgün istifadə etməməsi də sürüşmənin yaranmasına və aktivləşməsinə səbəb olur. İnsanlar otlaqlardan düzgün istifadə etmir. Məsələn, otlaqlarda hər hektar üçün 4-5 qoyun qidalanmalıdırsa, bəzən bu göstərici 25-30 mal-qaraya çatır. Həm yaz, həm də payızda sürüşmənin aktivləşməsinə intensiv yağışlar səbəb olub. Bu gün Azərbaycanın bəzi yerlərində yağış normadan iki dəfə artıq düşüb. Bu da istər-istəməz əvvəlki sürüşmə sahələrinin aktivləşməsinə səbəb olur. Bu gün Azərbaycanda elə region yoxdur ki, orada sürüşmə aktivləşməsin”.
Şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda sürüşmələrin baş verdiyi 400-ə qədər yaşayış məntəqəsində 500 minə yaxın insan yaşayır. Azərbaycan əhalisinin 40%-nin Abşeron iqtisadi rayonunda yaşadığını deyən N.Paşayevin fikrincə, burada sıx məskunlaşma sürüşmələrin artmasına səbəb olur.
“Hazırda Abşeron iqtisadi rayonunda 20 yaşayış məntəqəsində böyük sürüşmələr mövcuddur. Son dövrlərdə Masazır, Əhmədli-1, Əhmədli-2, Zığ-1, Zığ-2, Badamdar, Şəhidlər Xiyabanının ətraf sahələri və digər ərazilərdə sürüşmələr fəallaşıb: “Xüsusilə də əhalinin daha çox məskunlaşdığı, kommunikasiya xətlərinin bugünkü tələblərə cavab vermədiyi ərazilərdə sürüşmələr aktivləşib. Abşeronda əhalisinin sayı 100 min nəfər olan 20 yaşayış məntəqəsində sürüşmələr baş alıb gedir. 54 min əhalisi olan Quba-Xaçmazda 96 yaşayış məntəqəsi sürüşmə təhlükəsi altındadır. 44 min nəfər əhalisi olan Dağlıq Şirvanda 92 yaşayış məntəqəsi sürüşmə təhlükəsi ilə üz-üzədir. 48 min sakinin yaşadığı Gəncə-Qazaxda 57 yaşayış məntəqəsi sürüşməyə məruz qalıb. Naxçıvanın 40 mindən çox insanın yaşadığı 36 yaşayış məntəqəsi sürüşmə riskləri olan ərazilərdəndir. Şəki-Zaqatalada 14 min nəfərin yaşadığı 24 yaşayış məntəqəsi sürüşmə riski olan ərazilərdir. Quba-Xaçmaz rayonunda Qusarçay, Vəlvələçay, Qudyalçay və digər çayların yuxarı və orta axarlarında sürüşmə geniş yayılıb. Ümumiyyətlə, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan ən fəal sürüşmə sahələri sayılır. Aran iqtisadi rayonu, Şəki-Zaqatalada sürüşmə hadisələri daha az qeydə alınır”, - deyə N.Paşayev vurğulayıb.
XX əsrin əvvəlində Azərbaycanda 1 mln. insanın yaşadığını deyən şöbə müdiri qeyd edib ki, indi əhalinin sayı 10 milyona çatıb. Bununla yanaşı, ölkədə xırda və iri mal-qaranın sayı artıb bu isə sürüşmə ərazilərində artıq yüklənməyə gətirib çıxarıb. Üstəlik, meylliliyi 10-15% olan ərazilərin əkinə cəlb edilməsi və otlaq kimi istifadə olunması sürüşmələrin fəallaşmasına səbəb olub. Bunu əsas gətirən N.Paşayev intensiv təsərrüfata üstünlük verilməsini vacib sayır. Avtomobil yolları ətrafında sürüşmələrin çoxaldığını deyən şöbə müdiri yol kənarlarında istinad divarlarının qurulmasının mühüm şərt olduğunu bildirib. Əhalinin sıx məskunlaşdığı ərazilərdə isə, xüsusilə də Abşeron iqtisadi rayonunda bütün növ tikililərin qadağan olunmasını məqsədəuyğun sayır.
O vurğulayıb ki, sürüşmələrə meylli ərazilərdə lokal təbii fəlakətlərin baş verməməsi üçün mühəndis-quraşdırma, xüsusi meşə-meliorasiya işləri aparılmalıdır. N.Paşayev əlavə edib ki, sürüşmələrin qarşısının alınması üçün əhalinin də üzərinə böyük vəzifə və məsuliyyət düşür.
223