Silahlarımız “IDEF-2013” sərgisində nümayiş etdirilib. Lent. az-ın məlumatına görə, müdafiə təyinatlı məmulatlar mayın 7-dən 10-dək İstanbulda baş tutan XI Beynəlxalq müdafiə sənayesi sərgisində böyük maraqla qarşılanıb. Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 130 adda məmulatla təmsil olunub. Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olub. “IDEF-2013”də ilk dəfə olaraq 7,62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş sərgilənib.
Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iki ölkə arasında əməkdaşlığın inkişafda olduğunu diqqətə çatdırıb. Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud olan əməkdaşlığın müvafiq sahələrdə genişləndirilməsinə dair niyyət protokolu imzalanıb.
Qeyd edək ki, MSN-in stendini ziyarət edənlər arasında Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olub.