GÜNÜN ŞƏRHİ
Dünyada müharibələrin böyük əksəriyyətinin kökündə enerji mənbələrinə və ticarət yollarına nəzarət istəyi dayanıb. Bir münaqişənin niyə başlandığını anlamaq üçün ilk növbədə həmin bölgənin dünyanın enerji bazarında yerini təhlil etmək lazımdır. Özəlliklə Yaxın Şərqdə gedən müharibələrdə bu son dərəcə vacibdir. Yəmənin birdən-birə dünyada gedən proseslərin mərkəzinə çevrilməsinin mahiyyətində də neft amili dayanır. Dünyada hasil olunan neftin cəmi 0,2 faizi Yəmənin payına düşsə də, bu ölkə neft daşımalarında son dərəcə strateji mövqeyə sahibdir. Birləşmiş Ştatların Körfəz ölkələrindən aldığı neftin 40 faizi Yəmənin Bab-el-Mandeb boğazından daşınır, bu boğaza nəzarət edən ölkə ABŞ-a, onun müttəfiqi Səudiyyə Ərəbistanına və ümumiyyətlə dünya neft bazarına təsir imkanı əldə edir. Yəməndə çevrilişdən sonra İranın belə bir təsir imkanı əldə etmək ehtimalı artıb. Şiə qiyamçıları dəstəkləyən İran OPEK-in neftin qiymətini aşağı salmaq siyasətindən çəkdiyi zərərin əvəzini Bab-el-Mandeb boğazını nəzarətə götürməklə çıxmaq istəyir. Münaqişənin gerçək səbəbi budur, günün sualı isə başqadır: “Münaqişə müharibəyə çevriləcəkmi? Çevrilərsə, qazanan tərəf kim olacaq?” Nəzəri baxımdan ötən il ABŞ-dan ən çox silah almış dövlət olan Səudiyyə Ərəbistanının komandası daha güclü görünür. Amma Yaxın Şərq bütün nəzəriyyələrin puça çıxdığı bir bölgədir. Koalisiyanın qarşısında ərəb dünyasının ən döyüşkən və ən müasir silahlarla təchiz edilmiş ordusu var. Digər tərəfdən əgər Yəmənə qarşı quru əməliyyatları başlasa, o zaman bu ölkəyə də dəstək verənlər çox olacaq. Suriyada Əsədə, İraqda şiələrə dəstək verən ölkələr Yəməni də tək qoymayacaqlar. Yaxın Şərq isə növbəti dəfə sahib olduğu neftin əvəzini qanla ödəməli olacaq.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Mart
134