"Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik əldə etdikdən sonra verdiyi sözünə həmişə əməl edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Qarabağı işğal etməsi məsələsində həmişə bizim yanımızda olub. Ermənistan tərəfindən dəfələrlə Səudiyyə Ərəbistanı ilə əlaqələr qurulmasına, səfirliklərin açılmasına cəhd göstərilib".
APA TV-nin xəbərinə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisindəki (parlament) Azərbaycan Dostluq Qrupunun üzvləri ilə görüşündə səsləndirib.
Allahşükür Paşazadə bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daim inkişaf edir, bu məsələdə hər iki ölkənin səfirliklərinin xüsusi rolu var.
Səudiyyə Ərəbistanı parlamentindəki Azərbaycan Dostluq Qrupunun nümayəndə heyətinin rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir öz növbəsində iki ölkə arasında əlaqələrin qurulmasında Heydər Əliyevin və Səudiyyə Ərəbistanının mərhum kralı Feysəlin böyük xidmətləri olduğunu söyləyib.
O qeyd edib ki, İslam dinində məcburiyyət yoxdur, zülm isə kafirlik əlamətidir: “Baxmayaraq ki, ayrı-ayrı dövlətlərdə yaşayırıq, ümumi İslam ümmətini təşkil edirik, xalqlarımız qardaşdır. Azərbaycan xalqı İslam mədəniyyətinə, sivilizasiyasına dəyərli töhfələr verib. İslam dini həmişə tolerantlığı ilə seçilib, şübhə edənlər İslamın tarixinə baxa bilərlər”.
Qonaq Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin məlum olduğunu, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.