Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi və Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənovu qəbul edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Görüşdə Əfqanıstan müharibəsi əlillərinin və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsi ilə bağlı məsələlər geniş müzakirə olunub.
Həmçinin Əfqanıstan müharibəsi əlillərinin və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsi ilə bağlı əlil olmuş şəxslərin xüsusi avtomobillərlə təmin olunmaları, mənzil növbəsinə götürülmələri, habelə digər sosial problemlərinin həlli ilə əlaqədar ətraflı söhbət aparılıb.
Tibbi göstəriş əsasında növbəyə durmuş Əfqanıstan müharibəsi əlillərinin növbəti ilin birinci yarısında, Çernobıl əlillərinin isə növbəti ilin sonunadək xüsusi avtomobillə təmin olunacaqlarının proqnozlaşdırıldığı bildirilib.
Səlim Müslümov toxunulan məsələlərdən bəzilərinin həlli barədə müvafiq tapşırıqlar verib. M.Vəliyev və M.Həsənov qəbul zamanı qaldırılan problemlərə göstərilən münasibətdən razı qaldıqlarını bildiriblər.