Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. S. Müslümov Azərbaycanın son on ildə 3,2 dəfə iqtisadi artıma nail olduğunu qeyd edən nazir bu dövrdə qeyri-neft sektorunun 2,6 dəfə artdığını, həmçinin respublikada 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerinin, 55,6 min müəssisənin yaradıldığını bildirib:
“Ölkənin iqtisadi tərəqqisi sosial rifah göstəricilərinin də yüksəlməsi ilə müşaiyət olunur. Bunun bariz ifadəsi kimi, qeyd olunan müddətdə ölkədə orta aylıq əməkhaqqı 5,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb. Hətta inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi artmaqda olduğu halda, Azərbaycanda iqtisadi inkişaf, çoxsaylı yeni iş yerlərinin yaranması və məşğulluq imkanlarının genişlənməsi işsizliyin 5 faizə enməsinə səbəb olub”.
Rene Van der Linden Azərbaycanda, bütün sahələrdə olduğu kimi, rifah səviyyəsinin yüksəldilməsi sahəsində də aparılan uğurlu işlərin ölkəsi tərəfindən maraqla izlənildiyini və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qeyd edilən sahələr üzrə də genişləndirilməsinin məqsədyönlü olduğunu vurğulayıb.