Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinlərini qəbul edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Ümumilikdə 80 nəfərə yaxın vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb. Müraciətlərdə imtiyazlı şəxslərin mənzil və minik avtomobilləri, sanator-kurort yollayışları, reabilitasiya vasitələri, bərpa-müalicə xidməti ilə təmin olunması məsələləri üstünlük təşkil edib. Əvvəlki dövrlərdən fərqli olaraq, ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı ilə bağlı müraciətlər kəskin şəkildə azalıb.
S. Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı imtiyazlı şəxslərin bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanator-kurort yollayışları ilə təmin olunması barədə tapşırıqlar verib. Nazir vətəndaşların diqqətinə çatdırıb ki, hazırda bu və ya digər sosial təminat növündən istifadə etmək üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi saytında təqdim olunur. Həmin sənədləri təqdim edən şəxslərin müraciətləri üzrə sosial təminatında heç bir problem yoxdur. Qəbul zamanı aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququnun olub-olmamasının araşdırılaraq müvafiq qərar qəbul olunması, eləcə də əlillik qrupu almaq üçün müraciət edən şəxslərin əlillik vəziyyətinin müəyyən olunması tapşırılıb. Tapşırıqlarda vətəndaşların müraciətlərinə səhlənkar yanaşan əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi də əksini tapıb.