Səhiyyə naziri Naxçıvanda səyyar kollegiya iclası keçirib
28 aprel 2014 17:10 (UTC +04:00)

Səhiyyə naziri Naxçıvanda səyyar kollegiya iclası keçirib

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi çərçivəsində MR-da Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirib ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində müşahidə edilən iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təchiz olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artıb. Bu dövrdə böyük əksəriyyəti respublikanın bölgələrində olan yüzlərlə tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilib, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz olunub.

Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda ana və uşaq ölümü kəskin şəkildə aşağı düşüb. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov kollegiya iclasında muxtar respublika səhiyyəsinin keçdiyi inkişaf yolundan danışıb.

Azərbaycan Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmirzə Poladov Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan, 90 illik yubileyi qeyd edilən Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində əldə edilən uğurları statistik göstəricilərlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda, o cümlədən muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olub.

Səhiyyə sahəsində həyata keçirilən dövlət proqramları çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyi ilə Naxçıvan Səhiyyə Nazirliyi arasındakı əlaqələrdən də danışan Gülmirzə Poladov bu əlaqələrin, nəticə etibarilə, əhalinin sağlamlığına böyük fayda verdiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar