Qurtuluş günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Daxili Qoşunların «N» saylı hərbi hissəsində tədbir keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, əvvəlcə hərbi hissənin sıra meydanında şəxsi heyət və gənclərin düzülüşü təşkil olunub. Tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini yad ediblər, hərbçilər və qonaqlar Azərbaycan Respublikasının Dövlət Himnini birgə oxuyublar. Sonra tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Daxili Qoşunlar Qərargahının şöbə rəisi polkovnik Mətləb Qənbərovun iştirakı ilə hərbi hissədə yaradılmış Azərbaycan Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların yaranması, döyüş yolunu əks etdirən eksponatlarla tanış olub. Bundan başqa əsgər yataqxanasına, tibb məntəqəsinə, idman şəhərciyinə, xidmət otaqlarına, xidmət itlərinin saxlanıldığı kinoloci mərkəzə, xidməti at tövlələrinə baxış keçirilib. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq olub. Tədbir iştirakçıları qarşısında çıxış edən Səbail RİH başçısı Asif Əsgərov ilk öncə tədbir iştirakçılarını Milli Qurtuluş günü və tədbirin keçirildiyi «N» saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümu münasibəti ilə təbrik edib.
Daxili Qoşunların «N» saylı hərbi hissəinin komandir əvəzi, polkovnik-leytenant Alim İsmayılov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışıb, hərbi hissənin müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Rəsmi hissədən sonra qonaqlar və hərbi hissənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunub. Qonaqlar yeməklərin keyfiyyətini yüksək qiymətləndiriblər.