Şamaxıda “Kod saatı” keçiriləcək
27 sentyabr 2019 16:32 (UTC +04:00)

Şamaxıda “Kod saatı” keçiriləcək

Sentyabrın 28-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın ikinci mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Kod saatı” təşəbbüsünün ikinci mərhələsi Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə baş tutacaq. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat veriləcək. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. Tədbirdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir.

Qeyd edək ki, "Kod saatı"nın birinci mərhələsi 453 məktəblinin iştirakı ilə Sumqayıt şəhərində keçirilib. “Kod saatı”nın növbəti mərhələsinin oktyabrın 5-də Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçirilməsi planlaşdırılır.

"Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür.

Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.

"Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Aygün İbrahimli

Oxşar yazılar